Müstəqillik həm də qərarlarını başqasının iradəsi ilə deyil, öz milli maraqların əsasında vermək cəsarətidir. Mənim üçün çıxışın ən düşündürücü tərəfi Azərbaycanın heç bir siyasi düşərgənin arxasınca getməməsi fikridir. Çünki güclü dövlət hər kəsə hörmət edə bilər, amma öz mövqeyinə hörməti heç vaxt itirməməlidir.
Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlər qurması, eyni zamanda öz yolunu qoruması məncə, müasir diplomatiyanın mühüm xüsusiyyətlərindən biridir. Dünyada siyasi maraqların sürətlə dəyişdiyi bir vaxtda öz milli maraqlarını qorumaq asan məsələ deyil. Bunun üçün yalnız siyasi iradə deyil, həm də dövlətçilik düşüncəsi və uzaqgörənlik lazımdır.
Prezidentin “heç kim bizim işimizə müdaxilə etməsin” mövqeyi mənə görə sadəcə siyasi bəyanat deyil, dövlət suverenliyinə verilən prinsipial qiymətdir. Çünki bir ölkənin gələcəyini ən yaxşı həmin ölkənin öz xalqı və onun dövlətçilik iradəsi müəyyən edə bilər. Kənardan verilən məsləhətlərin bəzən yardım adı altında siyasi təsir vasitəsinə çevrilə bildiyini tarix dəfələrlə göstərib. Ona görə də müstəqil qərar qəbul etmək hüququ hər bir dövlət üçün ən böyük siyasi sərvətlərdən biridir.
Mən hesab edirəm ki, Azərbaycan bu hüququ qorumaqla yanaşı, dünyaya açıq və konstruktiv münasibətlərini də davam etdirməlidir. Biz heç kimlə düşmənçilik axtarmadan, eyni zamanda heç kimin qarşısında öz milli maraqlarımızdan geri çəkilmədən yolumuza davam etməliyik.
Mənim üçün əsl dövlətçilik də məhz bu tarazlığı qorumaq bacarığıdır. Azərbaycanın əldə etdiyi uğurların arxasında yalnız iqtisadi imkanlar deyil, həm də illər ərzində formalaşmış siyasi iradə dayanır.
Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəsinin müstəqil mövqeyinin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Çünki dövlətin gücü yalnız rəhbərliyin qərarları ilə deyil, cəmiyyətin dövlətçilik mövqeyi ilə də möhkəmlənir.
Mən inanıram ki, milli maraqlarımıza sahib çıxmaq siyasi baxışlardan asılı olmayan ümumi vətəndaş məsuliyyətidir.
Prezidentin bu çıxışından mənim çıxardığım əsas nəticə budur ki, müstəqilliyi qorumaq onu əldə etmək qədər böyük məsuliyyət tələb edir.
Azərbaycanın gələcəyi üçün ən doğru yol öz milli iradəmizə güvənmək, dünyaya açıq olmaq və heç bir halda dövlətimizin müstəqil qərar vermək haqqından imtina etməməkdir.
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı












