Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən 16 gəncin qiymətləndirməsi aparılıb.

Sosial Xidmətlər Agentliyindən QHT.az-a verilən məlumata görə, benefisiarların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, manikür, kişi bərbəri, dərzilik və aşpaz köməkçisi peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.

İmtahan komissiyasının qərarına əsasən tələbələrdən 7 nəfərinə şəhadətnamə, 9 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2026-cı il ərzində müəssisədə 2 dəfə qiymətləndirmə aparılıb və prosesə 45 nəfər cəlb edilib. Onlardan 29 nəfəri kursları şəhadətnamə ilə bitirib.

Qeyd edək ki, Mərkəzdə 15-35 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.