Fransanın musiqi yayım platforması  Deezer⁠ istifadəçilərə pleylistlərində süni intellekt vasitəsilə yaradılmış mahnıları müəyyən etməyə imkan verən yeni pulsuz onlayn alət təqdim edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin iyunun 11-də yaydığı məlumata görə, alət təxminən 20 məşhur musiqi platformasının istifadəçiləri üçün əlçatandır və pleylistlərdəki sintetik musiqiləri aşkar edə bilir.

Deezer bildirib ki, rəqib platformalardan xidmətə qoşulan istifadəçilərin 43%-nin pleylistlərində artıq süni intellektlə yaradılmış musiqilər mövcuddur. Platforma öz xidmətində bu cür mahnıları xüsusi işarələyir, həmçinin onları alqoritmik tövsiyələrdən və redaksiya pleylistlərindən çıxarır.

Şirkət eyni zamanda AI musiqi aşkarlama texnologiyasını musiqi sənayesinin digər iştirakçılarına da lisenziyalaşdırır. Bu istiqamətdə ilk addımlardan biri 2026-cı ilin yanvarında Fransanın müəllif hüquqları təşkilatı Sacem ilə bağlanmış əməkdaşlıq olub.

Deezer hesab edir ki, bu texnologiya süni intellektlə yaradılan mahnıların müəllif qonorarları fonduna mənfi təsirinin qarşısını almağa kömək edəcək. Şirkət bununla bağlı 2024-cü ildə CISAC tərəfindən aparılmış araşdırmaya istinad edib. Araşdırmaya görə, 2028-ci ilədək musiqiçilərin gəlirlərinin 25%-i, yəni ildə təxminən 4 milyard avro AI tərəfindən yaradılmış mahnılar səbəbindən risk altına düşə bilər.

Şirkətin məlumatına əsasən, hazırda Deezer hər gün təxminən 75 min AI tərəfindən yaradılmış mahnı qəbul edir. Bu göstərici platformaya yüklənən yeni musiqilərin 44%-dən çoxunu təşkil edir. Müqayisə üçün, 2025-ci ilin əvvəlində bu rəqəm gündəlik 60 min trek idi.

Deezer və Ipsos tərəfindən keçirilən son sorğu isə respondentlərin 80%-nin süni intellektlə yaradılmış musiqilərin musiqi platformalarında açıq şəkildə etiketlənməsini istədiyini göstərib. Reuters-in məlumatına görə, bu tendensiya musiqi sənayesində AI məzmununun şəffaf şəkildə göstərilməsi ilə bağlı çağırışların gücləndiyini nümayiş etdirir.