Ermənistan hökuməti “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri”ni dərc edib və onların arasında 2016-cı il 5 avqustda Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub da yer alıb. Məktub Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən danışıqlardan sonra yazılıb. Həmin görüşlərdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun təqdim etdiyi yenilənmiş həll planına Sarkisyanın reaksiyası məktubda əks olunub.

QHT.az xəbər verir ki, bununla bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Sarkisyanın məktubda Ermənistanı “konstruktiv tərəf” kimi təqdim etməsi manipulyativdir və tarixi faktlara uyğun gəlmir. Məktub göstərir ki, Ermənistanın əsas məqsədi status-kvonu mümkün qədər uzun müddət saxlamaq və işğalı müxtəlif terminlər altında legitimləşdirmək olub:

“Təhlükəsizlik zonası”, “aralıq status”, “referendum” kimi anlayışlardan istifadə danışıqları uzatmaq və əraziləri qaytarmamaq niyyəti daşıyırdı. Ermənistan rəhbərliyi prosesi səmimi aparmaq əvəzinə, Azərbaycanı ittiham etməklə məsuliyyətdən yayınmağa çalışıb və münaqişənin uzanmasına səbəb olub. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bu manipulyasiyalara son qoyaraq regionda yeni təhlükəsizlik reallığı formalaşdırıb".

 

Pərvanə Fərhadqızı