“Əsas fəaliyyətlərimiz gənclərin iştirakçılığını və fəal vətəndaşlığı təşviq etmək, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gənclərin fərdi və qrup təşəbbüslərini dəstəkləməkdir”.
Bu sözləri Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az- a açıqlamasında bildirib. QHT sədri gənclərin beynəlxalq əməkdaşlıq istiqamətində rolunu daha çox artırmağa, eyni zamanda bu prosesə region gənclərini daha çox cəlb etməyə çalışdıqlarını qeyd edib: “Ölkəmizin prioritetlərinə uyğun bu işləri qurmağa çalışırıq. Gənclər siyasətində daha çox iştiraka nail olmaq, beynəlxalq inteqrasiyanı genişləndirmək, sülh quruculuğu və mədəniyyətlərarası dialoqa töhfə vermək təşkilatın əsas prioritetlərindən hesab olunur. Bu ilin fevralın 7-də bildiyimiz kimi Azərbaycanda Prezident seçkiləri keçiriləcək, yaxın gələcəkdə Parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə biz fəaliyyət göstərdiyimiz ötən illərdə xüsusən regionlarda seçki maarifləndirilməsi üzrə təlimlər keçirmişik. Bu daha çox gənclərin seçici kimi seçkilərə cəlb olunmasını nəzərdə tuturdu. İndiki mərhələdə biz çalışırıq ki, gənclərin siyasi iştirakçılığını stimullaşdırmaq, ölkənin siyasi və sosial həyatında gənclər siyasi baxımdan daha hazırlıqlı və fəal olsun. Əlbəttə burada ucqar bölgələrdə yaşayan gənclərin hədəfləndirilməsi daha çox nəzərdə tutulur”.
Pərvanə Fərhadqızı












