“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub. Güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı növbəti 3 ildə qüvvədə olacaq. Qeyd edək ki, bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib.
QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi: “Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir”.
Pərvanə Fərhadqızı












