“Yaradıcılığını təbliğ etdiyimiz bəstəkar, şair, ifaçı, satirik Bəhram Nəsibovun ilkin etapda 600 mahnı və marşlarının ifası, notlaşdırılması işləri üzərində çalışırıq. Mahnı və marşların hələ müğənnilərimiz tərəfindən ifa edilməməsi, bəstəkarın ifasında zümzümə formasında olması, çətin proses olan ifa və notlaşdırılma prosesini bir az da çətinləşdirir. Həmin mahnı və marşlar xalqımızın mənəvi sərvətidir”.
Bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu əsərlərin çox az hissəsi xalq tərəfindən eşidilib və yarım əsrdən çoxdur ki, dillər əzbərinə çevrilib. Xalqımızın sərvətini xalqımıza, mədəniyyətimizə qazandırmağın böyük bir ictimai fəaliyyətlərdən olduğunu qeyd edən QHT sədri qeyd edib ki, xalq şairi Qabil, Ulu Öndər Heydər Əliyevlə olan səmimi söhbətlərinin birində AYB-dən klassik şairlərdən öncə özünün yubuleyinin keçirilməsi üçün xahiş etdiyini dedi və fikrini belə əsaslandırdı ki, onlar tələsmirlər çünki dirilməyəcəklər, amma mən ölə bilərəm: “Bəhram Nəsibovun həmin mahnı və marşları yalnızca mənim yaddaşımdadır. Ona görə də nə qədər ki, dünyamı dəyişməmişəm onsuz da zəngin olan mədəniyyətimizə Azərbaycanın məhşur bəstəkarlarından biri olan Bəhram Nəsibovun 600 mahnı və marşını qazandırmaq istəyirəm. Bu prosesi daha da sürətləndirmək üçün İctimai Birliyimizin Dövlət dəstəyinə ehtiycı var”.
Pərvanə Fərhadqızı












