XXI əsr informasiya əsri adlansa da, bu dövr eyni zamanda informasiya manipulyasiyası, dezinformasiya və ideoloji təsirlər dövrü kimi də xarakterizə olunur. İnternetin, sosial şəbəkələrin və rəqəmsal texnologiyaların sürətli inkişafı informasiyaya çıxışı asanlaşdırmaqla yanaşı, yalan məlumatların da sürətlə yayılmasına geniş imkanlar yaradıb.

Bu gün dövlətlər, siyasi təşkilatlar və ya şəxslər, transmilli şəbəkələr, iqtisadi maraq qrupları və müxtəlif qeyri-rəsmi aktorlar ictimai rəyə təsir göstərmək üçün informasiya məkanından geniş istifadə edirlər. Reallıqdır ki, hər bir iştirkaçı və ya iştirakçılar qrupu bu imkandan təkcə cəmiyyətlərin məlumatlandırılması, yaxud həqiqəti bilmələri üçün yararlanmır. Bir çox hallarda öz məqsəd və maraqları naminə bu imkandan sui-istifadə edilir.

İnformasiya adı altında müasit texnologiyaların yaratdığı imkanlar təxribat mexanizminə çevrilir. Təbii ki, bu prosesdə ideoloji təxribat və “fake news” adlandırılan saxta xəbərlər əsas vasitələrdən birinə çevrilib. UNESCO və digər beynəlxalq qurumlar son illərdə dezinformasiyanı qlobal miqyasda cəmiyyətlərin sabitliyi və ictimai etimad üçün ciddi təhlükə kimi qiymətləndirirlər.

Beynəlxalq təşkilatlar bu istiqamətdə müxtəlif mübarizə üsulları təklif və tətbiq etsə də, günümüzün reallığı ondan ibarətdir ki, dezinformasiya və “fake news” texnoloji imkanların yaratdığı münbit şəraitlə sürətli şəkildə inkişaf edir. Digər tərəfdən ideoloji təxribat və saxta xəbərlər yalnız ayrı-ayrı fərdlərin yanlış məlumatlandırılması ilə məhdudlaşmır.

Bu alətlər vasitəsilə ictimai şüur formalaşdırılır, sosial qruplar arasında qarşıdurma yaradılır, dövlət institutlarına inam zəiflədilir, seçki proseslərinə təsir göstərilir və hətta milli təhlükəsizlik məsələləri hədəfə alınır. Müasir informasiya müharibələrinin əsas xüsusiyyətlərindən biri də məhz insanların düşüncə və davranışlarına təsir göstərməkdir.  

İdeoloji təxribat nədir?

İdeoloji təxribat müəyyən siyasi, dini, geosiyasi və ya iqtisadi məqsədlər naminə insanların dünyagörüşünü dəyişdirməyə, onları müəyyən istiqamətə yönəltməyə hesablanmış sistemli informasiya fəaliyyətidir. Bu fəaliyyət açıq təbliğat formasında həyata keçirilə bildiyi kimi, gizli və manipulyativ üsullarla da aparıla bilər.

Tarix boyu ideoloji mübarizə müxtəlif formalarda mövcud olub. Soyuq müharibə dövründə ABŞ və SSRİ arasında aparılan informasiya qarşıdurmaları bunun klassik nümunələrindən sayılır. Müasir dövrdə isə sosial media platformaları ideoloji təsir əməliyyatlarının əsas meydanına çevrilib.

İdeoloji təxribatın əsas məqsədi insanların düşüncə sisteminə təsir etməkdir. Burada əsas hədəf insanın hansısa məsələyə münasibətini dəyişmək, şübhə yaratmaq, inamı sarsıtmaq və ya müəyyən mövqeni qəbul etdirməkdir. NATO ekspertləri informasiya təhdidlərini cəmiyyətlərdə çaşqınlıq yaratmaq, parçalanmanı dərinləşdirmək və sosial sabitliyi zəiflətmək məqsədi daşıyan koordinasiyalı fəaliyyətlər kimi xarakterizə edirlər. 

“Fake news” nədir?

“Fake news” termini əsasən qəsdən hazırlanmış və ictimaiyyəti aldatmağa yönəlmiş yalan məlumatları ifadə edir. UNESCO bu anlayışı dezinformasiyanın tərkib hissəsi kimi qiymətləndirir və onu yanlış təsəvvür yaratmaq məqsədilə hazırlanmış saxta məzmun kimi izah edir. 

Saxta xəbərlər müxtəlif formalarda olur. Ən geniş yayılmış formaları isə tamamilə uydurulmuş məlumatlar, təhrif edilmiş faktlar, kontekstdən çıxarılmış sitatlar, manipulyasiya edilmiş foto və videolar, saxta ekspert rəyləri və süni intellekt vasitəsilə hazırlanmış görüntülər və səslərdir.

Son illərdə “deepfake” texnologiyalarının inkişafı ilə saxta məlumatların aşkarlanması daha da çətinləşib. Bu isə informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar yaradıb.  

Təsir mexanizmləri necə işləyir?

İdeoloji təxribat və saxta xəbərlərin uğur qazanmasının əsas səbəbi onların insan psixologiyasının xüsusiyyətlərindən istifadə etməsidir.

Birinci mexanizm emosional təsirdir. İnsanlar qorxu, qəzəb, narahatlıq və ya sensasiya doğuran məlumatları daha tez qəbul edir və paylaşırlar. Məhz buna görə saxta xəbərlərin böyük hissəsi emosional başlıqlarla təqdim olunur.

İkinci mexanizm təsdiqləmə meylidir. İnsanlar öz mövqelərinə uyğun gələn informasiyalara daha çox inanmağa meyllidirlər. UNESCO-nun araşdırmalarında da qeyd edilir ki, sosial media alqoritmləri istifadəçiləri “filtr köpüyü”nə salaraq onların yalnız öz baxışlarına uyğun məzmun görməsinə səbəb ola bilir. Bu isə alternativ fikirlərin qəbulunu çətinləşdirir.  

Üçüncü mexanizm təkrar effektidir. Eyni məlumat müxtəlif mənbələrdən dəfələrlə təqdim edildikdə insanlar onu daha etibarlı hesab etməyə başlayırlar. Hətta məlumatın yalan olduğu sonradan sübuta yetirilsə belə, ilkin təsir uzun müddət qalır.

Dördüncü mexanizm sosial təsirdir. İnsanlar tanıdıqları şəxslərin paylaşdığı məlumatlara daha çox inanırlar. Buna görə də dezinformasiya kampaniyalarında çox vaxt sosial şəbəkə istifadəçiləri, blogerlər və təsir imkanına malik şəxslər vasitəçi kimi istifadə olunur. UNESCO-nun son araşdırmalarına görə, bir çox rəqəmsal kontent istehsalçıları paylaşdıqları məlumatları dərc etməzdən əvvəl yoxlamırlar ki, bu da yanlış məlumatların yayılmasını sürətləndirir.  

Əsas hədəflər kimlərdir?

İdeoloji təxribatın əsas hədəfi bütövlükdə cəmiyyət olsa da, müəyyən qruplar daha çox risk altındadır.
Əsas hədəf gənclərdir. Çünki gənclər informasiyanın əsas istehlakçılarından biridir. Sosial şəbəkələrdən intensiv istifadə etdikləri üçün dezinformasiya kampaniyalarının təsirinə daha çox məruz qala bilirlər. Xüsusilə siyasi təcrübənin az olması bəzi hallarda onların manipulyasiyalara qarşı həssaslığını artırır.

Sosial və etnik qruplarlar da ideoloji təxribatın və və “fake news”un əsas hədəf kütləsi hesab edilir. Beləliklə də müxtəlif sosial, dini və etnik qruplar arasında qarşıdurma yaratmaq üçün manipulyativ məlumatlardan istifadə edilir. Bu cür fəaliyyətlərin məqsədi cəmiyyət daxilində parçalanmanı artırmaqdır.

Digər tərəfdən dövlət qurumları da bu “savaş”ın hədəsində olan tərəfdir. Belə ki, parlament, hökumət, məhkəmə sistemi, hüquq-mühafizə orqanları və digər dövlət qurumları haqqında saxta məlumatların yayılması ictimai etimadı zəiflətməyə yönəlir. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, bu növ informasiya əməliyyatlarının əsas məqsədlərindən biri məhz dövlət institutlarına olan inamı sarsıtmaqdır.  

Hərbçilər və təhlükəsizlik sektoru da hədəfdə olan sahələrdir. Bəzi informasiya əməliyyatları birbaşa hərbi strukturları hədəfə alır. Müxtəlif tədqiqatlar göstərir ki, saxta profillər və koordinasiyalı sosial media fəaliyyətləri vasitəsilə hərbçilərin davranışlarına təsir göstərmək cəhdləri olub.   Bəs bütün bunların məqsədi nələrdir? İdeoloji təxribat və və “fake news”la hansı məqsədlərə nail olmaq hədəflənir? İdeoloji təxribatın məqsədləri müxtəlif ola bilir.

Birinci məqsəd ictimai rəyə nəzarət etməkdir. İnsanların müəyyən hadisələrə münasibətinin formalaşdırılması siyasi mübarizənin vacib elementinə çevrilib.

İkinci məqsəd sosial sabitliyi zəiflətməkdir. Qarşıdurma yaratmaq, cəmiyyəti qütbləşdirmək və ictimai harmoniyanı pozmaq bəzi informasiya kampaniyalarının əsas hədəfidir.  

Üçüncü məqsəd siyasi təsir əldə etməkdir. Seçki nəticələrinə təsir göstərmək, müəyyən siyasi qüvvələrin mövqeyini gücləndirmək və ya zəiflətmək üçün saxta xəbərlərdən istifadə oluna bilir.

Dördüncü məqsəd iqtisadi maraqlardır. Bəzi hallarda şirkətlər və ya maliyyə qrupları rəqiblərinə zərər vurmaq üçün dezinformasiyadan istifadə edirlər.

Beşinci məqsəd geosiyasi üstünlük qazanmaqdır. Müasir dövrdə informasiya əməliyyatları beynəlxalq rəqabətin mühüm elementlərindən birinə çevrilib. Müxtəlif dövlətlər rəqib ölkələrin ictimai rəyinə təsir göstərmək üçün informasiya vasitələrindən istifadə edirlər. Bu məqsədlərə çatmaq üçün isə əsas istifadə olunan platforma məhz sosial şəbəkələrdir.

Sosial şəbəkələr saxta xəbərlərin yayılması üçün ən əlverişli platformalardan biri hesab olunur. Sosial şəbəkələrdə məlumatın yayılma sürəti çox yüksəkdir, alqoritmlər daha çox reaksiya doğuran məzmunu ön plana çıxarır, istifadəçilərin böyük hissəsi paylaşdığı məlumatın doğruluğunu yoxlamır. Araşdırmalar göstərir ki, bot şəbəkələri, saxta hesablar və koordinasiyalı fəaliyyətlər müəyyən mövzuların gündəmə gətirilməsi və ictimai rəyin istiqamətləndirilməsi üçün istifadə oluna bilir.  

İdeoloji təxribat və və “fake news”u səssiz müharibə də adlandırmaq olar. Müasir dövrdə müharibələr yalnız silahlarla aparılmır. İnformasiya məkanı artıq ayrıca mübarizə sahəsinə çevrilib. NATO ekspertləri bunu “koqnitiv müharibə” adlandırırlar. Məqsəd insanların düşüncə sisteminə təsir etmək, şübhə yaratmaq və cəmiyyət daxilində parçalanma yaratmaqdır.  

Müasir informasiya əməliyyatlarında yalnız yalan məlumatlardan istifadə olunmur. Bəzən həqiqi faktlar seçilərək müəyyən kontekstdə təqdim edilir, bəzi hissələr qabardılır, digərləri isə gizlədilir. Bu səbəbdən ekspertlər bildirirlər ki, informasiya manipulyasiyası həmişə açıq yalan üzərində qurulmur.  

İdeoloji təxribat və “fake news” müasir dünyanın ən ciddi informasiya təhlükələrindən biridir. Bu proseslərin əsas məqsədi insanların düşüncələrinə, davranışlarına və qərarlarına təsir göstərməkdir. Hədəfdə yalnız ayrı-ayrı şəxslər deyil, bütöv cəmiyyətlər, dövlət institutları, seçki prosesləri, gənclər və sosial qruplar dayanır. İnformasiya texnologiyalarının inkişafı bu təsirlərin miqyasını genişləndirsə də, eyni zamanda onların aşkarlanması və qarşısının alınması üçün yeni imkanlar da yaradır.

Müasir informasiya mühitində ən güclü müdafiə vasitəsi tənqidi düşüncə, media savadlılığı və məlumatın mənbəyini qiymətləndirmək bacarığıdır. İnformasiyanın sürətlə yayıldığı bir dövrdə doğru ilə yanlışı ayırd etmək yalnız jurnalistlərin və ekspertlərin deyil, hər bir vətəndaşın üzərinə düşən vacib vəzifəyə çevrilib.

QEYD: Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” layihəsi çərçivəsində hazırlanıb.