“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri, əməkdar məşqçi Azər Əliyev sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Təşkilatınızın mövcud fəaliyyətləri nələrdən ibarətdir?
Azər Əliyev: Təşkilat 1998-ci ildə qərb bölgəsində- Qazax rayonunda, eyni zamanda Ağstafa, Tovuz rayonlarında fəaliyyətinə başlayıb, rəsmi olaraq 2006- cı ildə qeydiyyatdan keçib. Gənclərlə fəaliyyət göstərir, onların sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarının təşkilidir. Bu yöndə bir çox layihələr icra edib. QHT gənclərdə vətənpərvərlik hislərinin daha da möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, narkomaniyaya qarşı kütləvi tədbirlərin təşkili və s. kimi sahələrdə fəaliyyət göstərir.
QHT.az: Təşkilatınızın missiyası və məqsədləri nələrdir?
Azər Əliyev: Təşkilatımızın əsas məqsədi gənclərin intelektual səviyyəsinin artırılmasına kömək etməkdir. Təşkilatımızın üzərinə düşən məqsədlər var. Məqsədimizə çatmaq üçün müəyyən vəzifələr icra edirik. Onlardan gənclərin təhsilə, elmə meylinin artırılmasına kömək edirik. Maarifləndirmə işinin təşkilində fəaliyyət göstəririk. İstedadlı uşaqların, gənclərin təhsilə alınması, təhsilinin davam etməsinə köməklik edirik. Vətəndaş cəmiyyəti möhkəmlənməsi işində gənclərin rolunun artırılması, eyni zamanda gənclər arasında vətənpərvərliyi təbliğ etmək əsas məsələlərdən biridir. Onlar arasında milli- mənəvi dəyərlərin təbliği və qorunması əsas məsələlərimizdən biridir. Təşkilat 30-a yaxın layihə həyata keçirib. Onlardan 16-sı donorlar vasitəsilə, digərləri isə şəxsi təşəbbüslərlə icra olunur. Donorlar olaraq Azərbaycan Respublikasının Gənclər Fondu, eyni zamanda da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, indiki Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə çalışır.
QHT.az: Əsas nailiyyətləriniz hansılardır?
Azər Əliyev: Son 5- 6 ildə təşkilatımızın keçirdiyi layihələrdən biri də məhz vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin tanıdılması, İkinci Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin tanıdılması olub. 2023-cü ilin son layhəsi “Heydər Əliyev -100” layihəsi idi. Bu layihə bizim üçün çox önəmli idi. Çünki ilin yekunu olaraq biz bu layihəni Gənclər Fondunun dəstəyi ilə həyata keçirdik. Bu layihədə əsasən gənclərin asudə vaxtlarının təşkili, sağlam həyat tərzinin təşkili, eyni zamanda əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşməsi, gənclər arasında təbliği idi. Layihənin uğurla həyata keçirildiyini, hal –hazırda da davam etdirilir. Layihənin birinci hissəsi gənclər arasında mini futbol keçirməkdir. Bu gənclərin çox xoşuna gəlir. Ümummilli liderimiz H. Əliyevin xatirəsini andıq, turnir böyük ehtiramla keçdi. Biz təşkilat olaraq sevinirik ki, 2023-cü ilin son layihəsi məhz ümummilli liderimizə həsr olundu. 2020-ci ildə pandemiya dövründə təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və yardıma ehtiyacı olan aztəminatlı ailələrə 70-ə yaxın yardım payladıq. Bu sosial yönümlü bir layihə idi. Həmin dövrdə uğurlu keçən layihələrdən biri idi.
QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?
Azər Əliyev: Qeyd edim ki, təşkilatın 2024-cü ildəki məqsədi fəaliyyətini davam etdirmək, gənlərlə sıx əməkdaşlıq edərək, onların istəklərini öyrənmək üçün sorğular keçirmək, sağlam həyat tərzinin təbliğini icra etmək, vətənpərvərlik mövzularına üstünlük vermək, qazilər, şəhid ailələri, gənclərin onlarla görüşü olacaq. Vətəndaş Cəmiyyətinin inkişaf etməsi üçün dövlətimiz tərəfindən dəstəyə çox ehtiyac var. QHT olaraq dövlətin maraqları çərçivəsində çıxış etmişik. Yeni maliyyə mənbələrinin aşkar olunması vacibdir, bu səmtdə ciddi işlər aparılmalıdır. Sahibkarlarla, digər fondlarla ciddi işlər aparılmalıdır.
Pərvanə Fərhadqızı












