"Bələdiyyə, Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin İcraçı direktoru Gülnarə Əmiraslanova qarşıdan gələn bələdiyyə seçkiləri və 2025-ci il üçün planlar barədə QHT.az-a özəl açıqlama verib.
O bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanuna əsasən, az əhalisi olan bələdiyyələrin birləşməsi həyata keçirilir. Bu proses idarəetmədə rasionallaşma və effektivliyin artırılmasına xidmət edir. Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərindən sonra yeni tərkibin formalaşması gözlənilir.
Gülnarə Əmiraslanova əlavə edib ki, yeni seçilən üzvlərlə müasir idarəçilik modelləri və təşəbbüskarlığın artırılması məqsədilə təlimlər planlaşdırılır. 2024-cü ildə qadın təşəbbüskarlığının artırılması istiqamətində uğurlu layihə icra edilib:
“Yeni layihəmiz bələdiyyələrin inkişafına və idarəetmənin müasir modellərinin tətbiqinə yönəlib. Hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yeni qrant müsabiqəsi elan edib. 2025-ci il qrant müsabiqəsi ilə bağlı bizim də təqdim etməyi planlaşdırdığımız layihə mövcuddur. Bu, artıq ikinci layihəmizdir ki, belə bir müsabiqəyə təqdim edirik. Layihə rəhbəri olduğum "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsi 2024-cü il qrant müsabiqəsində qalib olmuş və yerli özünüidarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılmasını hədəfləmişdik. Həmin layihəni Goranboy, Samux və Göygöl rayonlarında icra etdik. Bu il isə nəinki qadınlarla, həm də kişilərlə - bələdiyyə üzvü olan kişilərlə də işləməyi planlaşdırırıq. Xüsusilə yeni seçilmiş tərkiblə əməkdaşlıq etməyi düşünürük. Layihənin Daşkəsən və Şəmkir rayonlarında icra olunmasını nəzərdə tuturuq. Bu çərçivədə ekoloji mövzulara da yer veriləcək, əlavə olaraq müxtəlif mövzularda təlimlər keçiriləcək. 2025-ci il üçün iş planlarımız belədir. İnşallah, bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəyik” – deyə G.Əmiraslanova vurğulayıb.
Pəvanə Fərhadqızı
QHT.az






