QHT.az-a özəl açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva təşkilatın fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, 2003-cü ildə yaradılan təşkilatın əsas missiyası qadın və uşaqların hüquqlarının müdafiəsi, ailələrin sosial və iqtisadi gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, insan alveri və məişət zorakılığı qurbanlarına sosial, hüquqi və psixoloji yardım göstərilməsi, qurbanların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasıdır.

Zenfira Mustafayeva bildirib ki, təşkilat bir yardım mərkəzi kimi fəaliyyət göstərir və qurbanlar hüquqşünasların, psixoloqların, sosial işçilərin xidmətlərindən daimi şəkildə yararlana bilirlər. Təşkilat bu illər ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edib.

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uzun illərdir risk qrupuna daxil olan ailələrin maarifləndirilməsi və onlara müxtəlif xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk," - deyə Zenfira Mustafayeva qeyd edib.

Zenfira Mustafayeva qarşıdan gələn 2025-ci ildə təşkilatın fəaliyyətini genişləndirmək niyyətində olduqlarını bildirib:

"Maarifləndirmə işlərini və televiziya verilişlərinin sayını artırmaq, qurbanları peşə yönümlü kurslara cəlb etmək, onların hüquqlarını məhkəmələrdə vəkillər tərəfindən müdafiə etmək, məşğulluq proqramlarına qoşulmalarını təmin etmək və sosial problemlərin həllinə yönəlmiş fəaliyyətlərimizi daha da inkişaf etdirmək əsas məqsədlərimizdəndir. Biz qadınlarımızın iqtisadi cəhətdən təminatını, ailələrin tamlığını, uşaqların xoşbəxtliyini və firavan gələcəyini təmin etmək üçün çalışırıq. Dövlətimizə və xalqımıza yararlı olmaq üçün əlimizdən gələni edəcəyik."

 

Pərvanə Fərhadqızı

QHT.az