20-21 dekabr tarixlərində Bakı Kitab Mərkəzi tərəfindən "Regional İnkişaf" İctimai Birliyi, Everest Nəşriyyat Evi, “Aquavita” mineral su brendi, “Love City” kafesi və “Play” oyuncaq mağazasının dəstəyi ilə 10 nömrəli sanatoriya tipli və 2 nömrəli xüsusi internat məktəblərinin şagirdləri üçün xeyriyyə şənliyi təşkil edilib.

QHT.az xəbər verir ki, şənlik 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunub. Tədbir çərçivəsində şagirdlər üçün müxtəlif əyləncə proqramları, interaktiv oyunlar və musiqi çıxışları təşkil olunub.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən internat məktəblərinin şagirdləri üçün “Yeni il möcüzəsi” və “İki ilin nağılı” adlı musiqili- əyləncəli tamaşalar nümayiş olunub, ustad dərsi təşkil olunub. Mərkəzin teatr dərnəyinin gənc aktyorları və rəqs kollektivlərinin uşaqları maraqlı proqramla gənc tamaşaçılar qarşısına çıxaraq nağıl qəhrəmanlarını canlandırıblar.

Tədbirin sonunda uşaqlara kitablar, oyuncaq və müxtəlif hədiyyələr təqdim edilib.

Pərvanə Fərhadqızı