“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb.
Aytən Həsənova bildirib ki, Zəfər Günü xalqımızın milli qürurunun, dövlətimizin gücünün və 30 illik həsrətin sona çatmasının simvoludur. Bu gün Azərbaycanın həmrəyliyini, qəhrəman övladlarımızın şücaətini və dövlətimizin qətiyyətini əks etdirən ən şanlı tarixlərdən biridir. Onun sözlərinə görə, 8 Noyabrın Zəfər Günü kimi qeyd edilməsi bu qürurlu tarixin nəsillər boyu unudulmaması və milli yaddaşın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Aytən Həsənova İkinci Qarabağ müharibəsində qazanılan qələbənin əsas amillərindən birinin xalq–iqtidar birliyi olduğunu vurğulayıb. O qeyd edib ki, xalqın həmrəyliyi ilə dövlətin güclü siyasi iradəsi birləşərək tarixi ədalətin bərpasını təmin etdi və bu birlik bu gün Qarabağın bərpası dövründə də əsas hərəkətverici qüvvədir.
İctimai Birlik rəhbəri QHT sektorunun roluna toxunaraq bildirib ki, qeyri-hökumət təşkilatları dövlətlə cəmiyyət arasında körpü funksiyasını yerinə yetirir və milli həmrəyliyin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində mühüm işlər görür. Onun sözlərinə görə, QHT-lərin şəhid ailələri və qazilərlə əməkdaşlığı, gənclərdə vətən sevgisinin möhkəmləndirilməsi, sosial təşəbbüslərin icrası bu dövrdə daha da gücləndirilməlidir.
Aytən Həsənova qeyd edib ki, Zəfər Günü gələcək nəsillərə güclü mənəvi mesaj verir: milli birlik, azadlıq sevgisi və qətiyyət varsa, heç bir məqsəd əlçatmaz deyil. Bu gün artıq xalqımızın milli ruhunun və Vətən sevgisinin simvoluna çevrilib.
Sonda o, Zəfər Gününün beynəlxalq miqyasda tanıdılması istiqamətində QHT-lərin daha fəal olmasının vacibliyini vurğulayıb. Aytən Həsənova bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq, konfranslar, sərgilər, media kampaniyaları vasitəsilə bu qələbənin mənəvi və tarixi mahiyyəti dünyaya təqdim edilməlidir:
“Qələbəmiz yalnız hərbi deyil, həm də mənəvi və mədəni dəyərlərimizin qələbəsidir. Onu beynəlxalq ictimaiyyətə göstərmək bizim borcumuzdur.”






