Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib ki, 2023-cü ilin 19–20 sentyabrında keçirilən sonuncu antiterror əməliyyatları nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkəmizin bütün ərazisində bərpa olunub. Bu tarixi uğur gənclərin dövlətə inamının daha da möhkəmlənməsinə böyük təsir göstərib.

“Gənclər Azərbaycan dövlətinin iradəsini, silahlı qüvvələrimizin gücünü növbəti dəfə gözləri ilə gördülər və bir daha əmin oldular ki, Prezident İlham Əliyevin verdiyi bütün vədlər addım-addım həyata keçirilir. Bu gün hər bir gənc qürurla deyə bilir ki, Azərbaycanın heç bir guşəsində separatizm yoxdur, hər yerdə üçrəngli bayrağımız dalğalanır,” – deyə QHT sədri vurğulayıb.

Onun fikrincə, bu tarixi hadisə gənclərin vətənpərvərlik tərbiyəsinə son dərəcə müsbət təsir göstərib:

“Maarifləndirmə işi apararkən biz artıq çox rahat şəkildə Azərbaycanın böyük zəfərindən, suverenliyimizin ölkəmizin hər bir qarışında bərqərar olmasından və ölkəmizin regional güc kimi mövqeyinin möhkəmlənməsindən danışa bilirik. Regionda və dünyada baş verən hadisələrə nəzər saldıqda görürük ki, bunlar lokal hadisələr deyil, misilsiz nailiyyətlərdir. Eyni zamanda, Azərbaycanın postmüharibə dövründə Orta Dəhlizin ən mühüm halqasına çevrilməsi də bu uğurların davamıdır”.

 

 

Pərvanə Fərhadqızı