Xəbərlər 04.06.2025 10:50 65

Məhərrəm İbrahimov və Sirac Abışovun şəhid olmalarından dörd il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olmalarından dörd il ötür.

QHT.az xəbər verir ki, həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olan Məhərrəm İbrahimov (Əlioğlu) 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. O, düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atan Məhərrəmin sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər bölgələrdən gəlirdi. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirən həmkarımız dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ən yüksək mükafatını isə ölümündən sonra aldı - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini... Əbədiyyət ömrü 2021-ci il iyununun 4-dən başladı.

“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Ruhları şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı