Xəbərlər 21.05.2025 12:05 145

“Sağlam qidalanma – sağlam ruhun və cəmiyyətin təməlidir” - MÜSAHİBƏ

Müasir dövrdə həyat tərzinin sürətlənməsi, texnologiyanın inkişafı və fast-food mədəniyyətinin geniş yayılması, cəmiyyətin sağlamlığı üçün ciddi problemlər yaradır. Bu kontekstdə sağlam qidalanmanın əhəmiyyəti daha da artır. “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova ilə sağlam həyat tərzi, düzgün qidalanma vərdişləri və ictimai maarifləndirmə barədə müsahibə aldıq.

 

QHT.az: Esmira xanım sağlam qidalanma deyəndə yalnız fiziki sağlamlıq nəzərdə tutulurmu, yoxsa daha geniş mənaya malikdir? Sağlam qidalanmanın əsas prinsipləri nədən ibarətdir?

Esmira Rəhimova: Sağlam qidalanma yalnız bədən sağlamlığı deyil, sağlam ruh üçün də vacibdir. Bu, sadəcə pəhriz deyil – əksinə, bədənin böyüməsi, inkişafı və sağlam qalması üçün lazım olan hər şeylə təmin edilməsinə yönəlmiş bir həyat tərzidir. Yəni bu, bədənin və zehnin ahəngdar fəaliyyətini təmin edən bütöv bir yanaşmadır. Sağlam qidalanma dedikdə, faydalı maddələrlə zəngin müxtəlif qida məhsullarının istehlakı və zərərli məhsulların məhdudlaşdırılması nəzərdə tutulur. Əsas prinsip balansdır – meyvə, tərəvəz, taxıl, zülal və süd məhsulları düzgün nisbətdə qəbul edilməlidir. Gün ərzində 3–5 əsas yemək və sağlam qəlyanaltılar qanda şəkərin sabit qalmasına kömək edir, bu da həddindən artıq yeməyin qarşısını alır.

 

QHT.az: Bəs maye qəbulunun sağlam qidalanmadakı rolu necədir? Hansı məhsulları məhdudlaşdırmaq və ya ümumiyyətlə qida rasionundan çıxarmaq lazımdır?

Esmira Rəhimova: Bu da çox önəmli məqamdır. Kifayət qədər maye, yəni təmiz su bədənin nəmlənməsini və funksiyalarını dəstəkləyir. Su, həmçinin maddələr mübadiləsini sürətləndirir və toksinlərin orqanizmdən çıxmasına kömək edir. Əlbəttə, bəzi məhsullar var ki, onların həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər. Məsələn:

  • Yarımfabrikatlar, fast-foodlar, şirin qazlı içkilər, qablaşdırılmış şirələr

  • Çoxlu şəkər, duz və trans yağlarla zəngin məhsullar

  • Qızardılmış yeməklər və hazır şirniyyatlar

Bu məhsulların tərkibindəki maddələr ürək-damar sisteminə və metabolizmə zərər verir, həm də artıq çəkiyə və enerji balanssızlığına yol aça bilər.

 

QHT.az: Gündəlik qida rasionuna daxil edilməli olan əsas məhsul qrupları hansılardır? Yemək vərdişlərində tez-tez buraxılan səhvlər hansılardır?

Esmira Rəhimova: 

  • Meyvə və tərəvəzlər – vitamin, mineral və pəhriz lifləri ilə zəngindir.

  • Tam taxıl məhsulları – lif və enerji üçün vacibdir.

  • Yağsız ət, balıq, dəniz məhsulları – zülal, faydalı yağ turşuları və vitaminlər üçün.

  • Süd məhsulları və yumurta – kalsium və zülalla zəngin.

  • Fındıq və toxumlar – faydalı yağların və E vitamini kimi antioksidantların mənbəyidir.

 

Esmira Rəhimova: Ən çox rast gəlinən səhvlərdən biri – həddindən artıq yemək, yəni doyma hissini gözləmədən qida qəbulunu davam etdirməkdir. Bundan başqa:

  • Gündə bir neçə dəfə az-az və müntəzəm yeməmək

  • Gec saatlarda ağır yeməklər qəbul etmək

  • Su yerinə şəkərli içkilərə üstünlük vermək

Bunlar uzunmüddətli nəticədə həm maddələr mübadiləsini pozur, həm də orqanizmin təbii ritmini zədələyir.

 

QHT.az: Sonda oxucularımıza hansı tövsiyəni verərdiniz?

Esmira Rəhimova: Sonda onu deyə bilərəm ki, sağlam qidalanma – özümüzə olan diqqətin və sevgimizin göstəricisidir. Düzgün qidalanmaq yalnız fiziki sağlamlıq deyil, emosional tarazlıq, güclü immunitet və həyat keyfiyyəti deməkdir. Hər bir insan sağlam yaşamaq üçün nəyi yeməli olduğunu bilməli və bu vərdişləri ailə üzvlərinə, xüsusilə də uşaqlara öyrətməlidir.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı