Eyyub Kərimli: “Körfəz və MDB ölkələrindən gələn turistlərin sayındakı azalma müxtəlif faktorlu səbəblərlə bağlıdır”
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib. Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Məsələ ilə bağlı “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında bu azalmaların bir neçə iqtisadi, sosial və geosiyasi amillərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bu azalma ilk növbədə mövsümi və dini amillərlə əlaqəlidir:
"Ümumiyyətlə, Körfəz ölkələrindən bu aylarda səfərlərin süni şəkildə azalmasının bir neçə səbəbi ola bilər. İlk növbədə, bildiyiniz kimi, mart ayında Ramazan ayı idi. İslam dünyasında Ramazan zamanı səyahətlərə çox da üstünlük verilmir, bəzi hallarda səfərlərə məhdudiyyətlər qoyulur. Bu, səfərlərin azalmasına təsir göstərmiş ola bilər. Digər tərəfdən, Azərbaycana əsasən orta təbəqəyə mənsub insanlar səfər edir. Son vaxtlar neftin qiymətinin aşağı düşməsi onların gəlirinə mənfi təsir göstərə bilər. Bu da turizm xərclərində azalmaya səbəb olur. Üçüncü səbəb kimi onu qeyd edə bilərik ki, bəzi hallarda alternativ istiqamətlər – yəni yeni, maraqlı ölkələr və daha sərfəli turizm paketləri Körfəz vətəndaşlarının diqqətini cəlb edə bilər. Bu da onların Azərbaycanı deyil, başqa ölkələri seçməsinə səbəb ola bilər. Əlbəttə ki, bu baxımdan viza məsələləri də təsir göstərir. Eyni zamanda, aviabiletlərin qiyməti də bu səfərlərin sayına birbaşa təsir edən amillərdəndir".

Eyyub Kərimli MDB ölkələrindən gələn turistlərin sayındakı 9.2 faizlik azalmanı daha çox geosiyasi və struktur problemlərlə əlaqələndirir:
"MDB ölkələrindən gələnlərin sayının azalmasına gəldikdə isə, ilk olaraq qeyd etmək lazımdır ki, son zamanlar bəzi texniki problemlər – o cümlədən aviaqəzalarla bağlı qeyri-sabitlik, uçuşların təxirə salınması kimi hallar müşahidə olunub. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, sanksiyalar və iqtisadi çətinliklər bu ölkələrin vətəndaşlarının rifahına mənfi təsir göstərir. Müharibəyə fokuslanmış cəmiyyətlərdə xarici səyahətlərə maraq azalır. Bundan başqa, quru sərhədlərin hələ də bağlı olması da böyük rol oynayır. Çünki əvvəllər bir çox turist məhz quru yol ilə Azərbaycana gəlirdi və artıq uzun müddətdir ki, bu imkan məhduddur. Müqayisə üçün qeyd etmək lazımdır ki, məsələn, İtaliya ilə müqayisədə bu azalma daha çox Rusiya və MDB məkanında insanların maddi imkanlarının zəifləməsi və müharibəyə cəlb olunmaları ilə əlaqəlidir. Bu kontekstdə Ukrayna və Belarus vətəndaşlarının da səfər imkanları məhdudlaşıb".
Eyyub Kərimli əlavə edir ki, bu mənfi dinamika fonunda Qazaxıstan və Özbəkistandan gələn turistlərin sayında artım müşahidə olunur, bu isə region daxilində hələ də marağın tam itmədiyini göstərir.
Pərvanə Fərhadqızı
QHT.az