Xəbərlər 25.04.2025 17:16 149

"Uğurlu qadınla cəmiyyət də dayanıqlıdır" - QHT sədri ilə MÜSAHİBƏ

Hər il aprelin 25-də Azərbaycanda Sahibkarlar Günü qeyd olunur. Bu gün ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan sahibkarlığın təşviq edilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların əməklərinə verilən dəyərin ifadəsi kimi qeyd olunur. Maliyyə savadlılığı və qadın sahibkarlara dəstək təkcə iqtisadi məsələ deyil. Bu, qadınların və onların uşaqlarının müdafiə olunduğu və layiqli həyat sürmək imkanlarının təmin olunduğu davamlı və təhlükəsiz mühitin yaradılmasının açarıdır.

Bununla bağlı QHT.az “Ümidli Gələcək” təşkilatının rəhbəri, qadın və uşaq hüquqları üzrə ekspert Kamalə Aşumova ilə qadınların sahibkarlıq təşəbbüslərini inkişaf etdirmələrində və maliyyə savadlığının yüksəldilməsində onlara dəstək vermənin niyə bu qədər vacib olduğunu müzakirə edirik.

 

QHT.az: Kəmalə xanım, niyə işinizdə qadınların maliyyə savadlılığı mövzusu bu qədər önəmli sahəyə çevrilib?

Kamalə Aşumova: Maliyyə biliyi olan qadın təkcə iqtisadi cəhətdən müstəqil deyil, həm də özünü və uşaqlarını müxtəlif həyat risklərindən daha yaxşı qoruya bilir. Qadınların maliyyə savadlılığının artırılması onların iqtisadi və sosial zorakılığa qarşı həssaslığını azaltmağa kömək edir.

 

QHT.az: Qadınların maliyyə təhsili alması və dəstəklənməsinin təcrübədə nəticələri necədir?

Kamalə Aşumova: Konkret və çox ruhlandırıcı nümunələr görürük: qadınlar öz bizneslərini qurur, iqtisadiyyatda fəal iştirak edir və öz qabiliyyətlərinə arxayın olmağa başlayırlar. Onlar təkcə sahibkar deyil, həm də başqalarını ruhlandıra biləcək liderlər olurlar.

 

QHT.az: Qadınların öz biznes layihələrini  başlamasına hansı səbəblər mane olur?

Kamalə Aşumova: Əsas maneələr bilik çatışmazlığı, maliyyə resurslarına çıxışın məhdudluğu və sosial stereotiplərdir. Məhz buna görə də öz biznes ideyalarını reallaşdırmaq istəyən qadınlar üçün təlim proqramlarının və dəstək mexanizmlərinin yaradılması çox vacibdir.

 

QHT.az: Vəziyyəti yaxşılaşdırmaq üçün dövlət və ictimai səviyyədə hansı addımlar atılmalıdır?

Kamalə Aşumova: Qadınların maliyyə savadlığının artırılmasına, başlanğıc kapitala çıxışın asanlaşdırılmasına və qadının biznes və ailə məsuliyyətlərini birləşdirə biləcəyi infrastrukturun yaradılmasına yönəlmiş proqramların hazırlanması vacibdir. Bizə biznesdə ilk, ən çətin addımları atmağa kömək edəcək ixtisaslaşmış fondlara və mentorluq proqramlarına ehtiyacımız var.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı