“Orta sahibkarlığın inkişafında sürət olsa da, aqrar sektorda ciddi problemlər mövcuddur” - QHT sədri
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən proqramların say çoxluğunu, lakin nəticəliliyin istənilən səviyyədə olmadığını bildirib.
Onun sözlərinə görə, 2000-2020-ci illəri əhatə edən və 2025-ci ilə qədər nəzərdə tutulan dövlət proqramları, o cümlədən Strateji Yol Xəritəsi çərçivəsində sosial və iqtisadi inkişafla bağlı mühüm hədəflər müəyyənləşdirilib. Lakin bu sənədlərin icrası zamanı praktiki təcrübədə bir sıra problemlər özünü göstərir.
“Regionlarda sosial sahibkarlığın və kiçik, orta sahibkarlığın inkişafında sürət olsa da, bu temp bütün sahələri əhatə etmir. Xüsusilə aqrar sektorda ciddi problemlər mövcuddur. Müşahidələrimizə əsasən, bir sahənin inkişafı digər sahənin zəifləməsinə səbəb olur. Əkinçiliyin ön plana çəkilməsi ilə maldarlıq, xüsusilə qoyunçuluq sahəsində geriləmə müşahidə olunur. Bu da ölkənin ərzaq ehtiyatlarının qeyri-mütənasib şəkildə formalaşmasına gətirib çıxarır. Birliyimizin apardığı uzunmüddətli tədqiqatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişaf tempində ciddi irəliləyişin müşahidə olunmadığı üzə çıxıb. Bu barədə dəfələrlə aidiyyəti qurumlara hesabatlar təqdim edilib. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu da əsas problemlərdən biri kimi qeyd olunur".
QHT sədri bildirib ki, banklar tərəfindən aqrar sektora ayrılan kreditlərin yüksək faizlərlə təqdim edilməsi bu sahədə fəaliyyət göstərən insanların maliyyə əlçatanlığını məhdudlaşdırır: "
"Mən düşünürəm ki, aparılan məşğulluğun və regionlarda bu iqtisadi dayanıqlığın təminatı ilə bağlı aparılan işlər dövlət proqramlarının sayında inkişafına qədər çox olsa da, çox təəssüflər olsun ki, praktik təcrübi olaraq bu proseslərin idarə olunmasında geriləmələr və belə deyək ki, çətinliklər mövcuddur".
Pərvanə Fərhadqızı
QHT.az