Xəbərlər 08.04.2025 19:37 178

“Uşağa öyrətmədiyimizi ya başqaları öyrədəcək, ya da o, təhdidlərdən xəbərsiz özü öyrənəcək” – QHT sədri

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında müasir dövrdə internetin uşaqlar üçün həm faydalı, həm də təhlükəli bir məkana çevrildiyini bildirib.

Onun sözlərinə görə, texnologiyanın inkişafı ilə bərabər, uşaqlar təcavüz, təqib, saxtakarlıq, psixoloji təzyiq və yad şəxslərlə onlayn əlaqə kimi bir çox təhlükə ilə qarşılaşırlar.

“Uşaqlarımızı, başqa sözlə, gələcəyimizi bu təhdidlərdən necə qorumaq olar?” – deyə sual edən Könül Quliyeva bildirib ki, ölkəmizdə yüz minlərlə uşaq internetdən istifadə etsə də, valideynlərin əksəriyyəti övladlarının onlayn fəaliyyətindən xəbərsizdir.

Sədrin fikrincə, valideynlər övladları ilə internet mövzusunda açıq ünsiyyət qurmalı, onların hansı saytları ziyarət etdiklərini, kimlərlə əlaqədə olduqlarını mütəmadi izləməlidirlər:

“Valideyn övladından internetlə bağlı hər hansı bir təhdid və ya narahatlıq barədə özünə və ya digər yetkin ailə üzvlərinə məlumat verməsini istəməli, lakin xoşagəlməz hadisələrə görə onu danlamamalıdır. Əks halda, uşaq internetdən əldə etdiyi hər bir məlumatı gizlədə bilər. Mütəxəssislərin fikrincə, valideyn övladının internet bələdçisi olmalı və bilməlidir ki, ona öyrətmədiklərini başqaları öyrədə bilər və ya uşaq bu məlumatları təhdidlərdən xəbərsiz şəkildə özü öyrənə bilər. Valideyn internet imkanları haqqında məlumatlı olmalı, övladının bu sahədə bilik və bacarıqları mənimsəməsinə kömək etməli, düzgün məlumat axtarmağı öyrətməli, faydalı, maraqlı və təhlükəsiz mənbələrin siyahısını hazırlamalı və onlardan düzgün istifadə etməyi, həmçinin özü və ailəsi haqqında məlumat verməməyin vacibliyini izah etməlidir".

QHT sədri həmçinin texniki nəzarət vasitələrinin – saytların “ağ siyahı”sının yaradılması, yaş filtrlərinin tətbiqi və internet istifadəsinin vaxtla məhdudlaşdırılmasının vacibliyinə də toxunub.

“Unutmayaq ki, valideyn övladının internet bələdçisi olmalıdır. Əks halda, öyrətmədiyimizi ya başqaları öyrədəcək, ya da uşaq təhlükələri özü öyrənəcək,” – deyə Könül Quliyeva xəbərdarlıq edib.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı