Rauf Zeyni: "Turan məfkurəsi hələ 100 il əvvəlki dəyərli ziyalılarımızı apardı"
Bu gün "Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda iştirak edən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni tədbirlə bağlı fikirlərini QHT.az-a bölüşüb.
Rauf Zeyni öncə Torpaq çərşənbəsi münasibətilə xalqımızı təbrik edib, sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu haqqında danışıb. Onun sözlərinə görə, bu çox tarixi əhəmiyyətli və illərlə gözlədiyimiz bir qardaş konfransı, bir qardaş forumudur. Çünki biz, doğrudan da ortaq dəyərləri olan bir gen, bir qan, bir millət prizmasından baxanda, ən yaxın, yəni İraq türkmənləri, Kərkük bacı-qardaşlarımız bizə hər cəhətdən ən yaxın bir tarixə və mədəniyyətə malik qardaş xalqımızdır:
"Biz hələ 70-ci illərdə, professor Qəzənfər Paşayevin altı il Dəclə-Fərat sahillərini oxuyanda, Əbdüllətif Bəndəroğlu və digərlərini oxuyanda, ümumiyyətlə, İraq Kərkük, Bayatlarını əzbərləyəndə, bilirdik ki, bizim orda bir xalqımızın, soydaşlarımızın bir hissəsi orada yaşayır və bizə qəlbən, ruhən, mənən və milli mənsubiyyətinə görə, milli dəyərlərinə görə yaxın bir qardaş, Kərkük xalqı var. Bunu biz bilirdik və bu həsrətlə də qəlbimizdə yaşayırdıq. Amma bugünkü konfrans, çox dediyim kimi, tarixi və əlbəttə ki, həm də əhəmiyyətli bir vacib tədbirdir. Çünki biz həm keçmişimizi, həm də qarşıda duran hədəfləri müzakirə etdik. Hər iki paneldə həm Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın çıxışında, həm millət vəkilləri, həm İraqda, həm də bizim Milli Məclisdən olan millət vəkillərinin çıxışlarında bütün tədbirin mahiyyəti öz əksini tapdı. Əlbəttə ki, panellərdə də çıxışlar, tədbirin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha göstərdi."
Rauf Zeyni bu kimi tədbirlərin vacibliyini qeyd edərək, milli ideologiyanın gücləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın artırılmasının əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, biz bu günləri Türk Dövlətləri Təşkilatına sahib olan bir xalqın soyunun nümayəndələri, Turanın gerçəkləşdiyi bir zamanda dövrdə yaşayırıq, Turan məfkurəsi hələ 100 il bundan qabaq nə qədər dəyərli ziyalılarımızı apardı və bu məfkurənin eşqi ilə onlar repressiyalara məruz qaldılar, güllələndilər, sürgün edildilər, lakin öz əqidələrindən, məfkurələrindən geri çəkilmədilər:
"Hətta 1926-cı ildə Bakıda Birinci Türk Qurultayının keçirilməsi, onu az araşdırsanız, görərsiniz ki, o qurultayda iştirak edən bütün soydaşlarımız, bütün türk xalqlarının ziyalıları müxtəlif formalarda və üsullarda güllələnib və məhv edilib. Bu, qırmızı imperiya tərəfindən təbii ki, həyata keçirilən repressiyalardı və sonra da 37 və digərləri. İndi biz hədəfləri müzakirə etdik. Qarşıda duran hədəflər nədir? Əlbəttə ki, əməkdaşlıq, tərəfdaşlıq, hərtərəfli müzakirələrin aparılması və mənəvi cəhətdən, ictimai nöqteyi-nəzərdən çox yaxından əməkdaşlıq etmək, tərəfdaşlıq etmək, omuz-omuza, çiyin-çiyinə söykənib. Böyük Turan məfkurəsinin böyük ideoloqlarından biri, mütəfəkkir, böyük şairimiz Hüseyn Cavid Əfəndinin dediyi kimi, "Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət". İsmayıl bəy Qaspralı da deyirdi: "Dildə, fikirdə, əməldə birlik." Dahilərimiz bizi hələ 100 il əvvəl bu yola yönəldiblər. Biz də bu günləri müasir çağırışlar fonunda, regionda və dünyada yaranmış yeni vəziyyətin, yeni mühitin fonunda qarşıda duran məqsəd və vəzifələrimizi konkret müəyyən edib, ondan da əlbəttə ki, irəliləməliyik".
Sonda Rauf Zeyni bu cür konfransların keçirilməsinin böyük, möhtəşəm tarixi tədbirlər olduğunu vurğulayaraq bildirdi ki, əgər milli ideologiyamızı, milli məfkurəmizi gücləndirmək istəyiriksə, qarşılıqlı faydalı əməkdaşlıq etməli, onların hansı sahədə irəlilədiklərini, bizim isə hansı sahədə irəlilədiyimizi təhlil etməliyik:
"Hansı istiqamətdə, hansı sahədə problemlərimiz varsa, bir-birimizdən öyrənməli, faydalanmalı və irəliləməliyik. Mən də bu böyük, müqəddəs Turan yolunda bütün dövlətlərə, bütün cəmiyyətlərə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, xalqımıza və millətimizə uğurlar arzulayıram".
Pərvanə Fərhadqızı
QHT.az