Xəbərlər 10.03.2025 14:26 326

Azərbaycan teatrı tarixdən - günümüzə - QHT sədri yazır

Azərbaycan teatrının yaranma tarixi baxımından on doqquzuncu yüzilliyin yetimişinci illərinin əvvəllərinə (23 mart 1873-cü il) təsadüf etsə də, onun ilkin element və ünsürləri çox qədimlərə, əski təsəvvür və inancların mövcud olduğu dövrlərə təsadüf edir. Maraq doğuran bir cəhət də odur ki, təbiət  və tanrıcılıq kultu özü də bu ayinlərin icrasında tədricən fərdidən daha artıq səviyyədə kollektiv iştiraka üstünlük verilməsinə və bunun nəticəsi olaraq   teatral xarakterin bariz şəkildə görüntüyə gətirilməsinə birmənalı şəkildə əyani sübut və  nümunə göstərilə bilər.

Bir həqiqəti də etiraf etmək lazımdır ki, teatr anlayışını yalnız bir regionun adı ilə məhdudlaşdırılan incəsənət və mədəniyyət hadisəsi də hesab oluna bilməz. Onun ayrı-ayrı dünya ölkələrində yaşayan xalqların adət-ənənəsindən, dünyagörüşündən bəhrələnərək yaranması, formalaşma mərhələləri müxtəlif dövrlərə və yaradıcılıq mərhələrinə təsadüf edir. Böyük tarixi yaradıcılıq ənənəsi və milli mədəniyyəti ilə seçilən Azərbaycanda teatrın təşəkkülü və keçdiyi şərəfli yol özünün diqqətçəkici xüsusiyyətləri ilə yadda qalır.

Azərbaycanda professional şəkildə teatrın yaranması on qoquzuncu yüzilliyin 70-ci illərinə təsadüf edir. Şübhəsiz ki, mədəniyyət sahəsində belə bir  intibahın yaranması  sıradan adi bir hadisə deyildi. Bu mənada onun bir zərurət kimi meydana gəlməsini şərtləndirən  ictimai-tarixi şəraitin, sosial-mədəni həyatın tələb və ehtiyaclarına nəzər yetirmək lazım gəlir. Məlumdur  ki, XIX əsr Azərbaycan xalqının tarixi taleyində son dərəcə ağır faciələrlə, ərazi itkiləri və parçalanma ilə müşaiyət olunan bir dövrdür. Şimali Azərbaycanın çar Rusiyasına, cənubun bir hissəsinin isə İran şah rejiminə ilhaq edilməsi eyni kökdən olan, dili bir, dini bir olan xalqın tarixi yaddaşında ən kədərli, dözülməz və məşəqqətli bir hadisə kimi qaldı. Xalq belə bir müstəmləkə şəraitində ağrılı və nisgilli həyat  yaşamaq zorunda qalmasına rəğmən, ayrılıq və həsrəti özünün ağız ədəbiyyatında – bayatı  və oxşamalarında,  ürək dağlayan ağılarında nəsillərin yaddaşına həkk etməyə nail oldu.

Müstəqillik illərində yaranan elmi araşdırmalarda XIX əsrə, bu zaman kəsiyində baş verən ictimai-siyasi, ədəbi-mədəni hadisələrə münasibət bildirilərkən dövrün mürəkkəb və ziddiyyətli tərəfləri və onun ədəbi-mədəni həyata təsiri məsələsi də ön plana çəkilir. Əslində ədəbi həyatda baş verən belə bir yeniləşmə prosesi və ənənənin qorunub saxlanılmasına yönələn cəhdlər teatr kimi unikal sahənin yaranmasına zəmin hazırlayan, yaradıcılıq ab-havasına köklənən bir novatorluq axtarışı idi. Professional milli teatrın yaranması üçün təbii ki, dramaturgiyanın təşəkkül və inkişafı labüd idi. Məhz dövrün, zamanın və insan talelərinin təcəssümü, cəhalət və nadanlığın ifşası dramaturji mətndən səhnəyə yol tapmağı qarşıya bir vəzifə  kimi qoyurdu.

Şübhəsiz ki, Azərbaycan teatrının dövrləşdirilməsi baxımından sovet hakimiyyəti dönəmindən üz döndərilməsi doğru deyil. Teatr sənətinin inkişafında mühüm xidmətlər göstərən istedadlı aktyar-rejissor nəslinin yetişməsi də heç şübhəsiz bu onilliklərin payına düşür. Hakim ideoloji nəzarət altında olmasına baxmayaraq, peşəkar teatr institutunun yaradılması bu illərə təsadüf edir.

Milli teatrının yaranmasından keçən bir əsr yarımlıq müddət ərzində bu sahənin inkişafında irəliləyişlərə nail olunmuş, ayrı-ayrı yaradıcılıq istiqamətləri üzrə teatrlar fəaliyyətə başlamışdır. Mərkəz Bakıda əsası 1929-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Şıxəli Qurbanov adına Azərbaycan  Dövlət Musiqili Komediya Teatrı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Bələdiyyə Teatrı, Gənclər Teatrı, Tədris Teatrı, Yuğ Teatrı, Kamera Teatrı, Pontomim Teatrı  kimi çoxprofilli teatrlar bunun əyani göstəricisidir.

Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Lənkəran, Ağdam şəhərlərdə dövlət statuslu teatrlar hal-hazırda fəaliyyətlərini davam etdirməkdədir. Bakı şəhərində Rəşid Behbudov adına Mahnı Teatrı, Şövkət Məmmədova adına  Opera studiyası  müsiqi yönümlü mərkəzlər sırasında öncül yerlərdən birini tutmaqdadır. Gəncə Dövlət Nizami Poeziya Teatrı, Gəncə Gəlincik Teatrı, Şuşa Musiqili Dram Teatrı, Şəki Satira Teatrı, İrəvan Azərbaycan Teatrı, Naxçıvan Cavid Poeziya Teatrı, Naxçıvan Kukla Teatrı, Qusar Dram Teatrı, Füzuli Dram Teatrı, Qazax Dram Teatrı respublikanın şəhər və rayonlarındakı teatrla bağlı ümumi mənzərə barədə təsəvvür yaradır. Azərbaycan müstəqillik qazandığı illərdə dövlət teatrı statuslu yeddi teatrın yaranması da mədəniyyət sahəsində teatrın müasirlik axtarışlarına yiyələnmə strategiyasını kifayət qədər nümayiş etdirməkdədir.

Hər bir dövrdə tarixin siyasi gərdişi, cəmiyyətin ictimai-sosial dəyişikiikləri teatrın yaradıcılıq prosesinə, iqliminə və eyni zamanda onun qurumuna, təsisatının xarakterinə də təsir göstərir. Adları çəkilən teatrların hər birinin özünə-məxsus repertuar siyasəti, rejissor üslubu vardır. Bu teatrlarda ayrı-ayrı sənətkarların birgə ərsəyə gətirdikləri kollektiv işin bəhrəsi olan maraqlı, əsrarəngiz tamaşalar diqqəti cəlb edir ki, mövzu və formaca da digərlərindən fərqli və baxımlılığı ilə yadda qalır.

 

 

Fəridə Mirişova

İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri, AMEA incəsənət və memarlıq institutunun əməkdaşı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı