Eyyub Kərimli: "Qarlı hava iqtisadi aktivliyə mənfi təsir göstərir, lakin ..."
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Azərbaycanda qarlı havaların iqtisadiyyata mənfi təsir göstərdiyini bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu təsirlər bir neçə əsas sahədə özünü göstərir:
"Qar yolların bağlanmasına və sürüşkən olmasına səbəb olur, bu da şəhər nəqliyyatında tıxaclar yaradır. Yük daşımalarının çətinləşməsi tədarük zəncirində fasilələrə gətirib çıxarır. Hava limanlarında reyslərin gecikməsi və ya ləğvi beynəlxalq və daxili ticarətə mənfi təsir edir. Güclü qar və şaxta meyvə bağlarına və taxıl sahələrinə ziyan vurur. Heyvandarlıq təsərrüfatlarında yem təminatı çətinləşir, yolların bağlanması kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasını ləngidir. Elektrik xətlərinin qırılması kütləvi elektrik kəsilmələrinə səbəb ola bilər. Qaz və elektrik istehlakı artır, bu isə enerji sisteminə əlavə yük yaradır. Boruların donması su təchizatında problemlərə gətirib çıxarır. İnsanların evdə qalması mağazalar, restoranlar və xidmət sektorunda müştəri itkilərinə səbəb olur. Tədarük zəncirində gecikmələr və məhsul qıtlığı qiymət artımına gətirib çıxara bilər. İş yerlərinə çatma çətinliyi səbəbindən iş saatları azalır, məhsuldarlıq düşür. Məktəblərin bağlanması təhsil prosesində fasilələr yaradır. Qış turizminə müsbət təsir göstərsə də, güclü qar və şaxtalar turist səfərlərini ləngidə və ya ləğv edə bilər. Qarlı hava qəza riskini artıraraq tibbi xidmətlərə və sığorta şirkətlərinə əlavə yük yaradır. Soyuq hava şəraiti xəstəliklərin artmasına və səhiyyə xərclərinin yüksəlməsinə səbəb olur".
QHT sədrinin sözlərinə görə, ümumilikdə qarlı hava şəraiti Azərbaycanda iqtisadi aktivliyə mənfi təsir göstərsə də, bəzi sahələr – xüsusilə qış turizmi üçün müsbət təsirlər də yarada bilər.
Pərvanə Fərhadqızı