"2026-cı ilin sonuna kimi 280 min hektar ərazinin minalardan tam təmizlənməsi planlaşdırılır" - QHT sədrindən AÇIQLAMA
"Azərbaycanın ən çox minalanmış ərazisi “Ohanyan xətti”dir. Bu, Ermənistanın müdafiə xətti olub və Araz çayından Murovdağa qədər uzanır".
QHT.az xəbər verir ki, bu sözləri Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, xətt boyunca ərazilər 4-7 km dərinlikdə minalanıb. Son dörd ildə mina qurbanlarının 70%-i ölkənin dərinliklərində baş verən partlayışlar nəticəsində həlak olub:
"ANAMA-nın məlumatına əsasən, 1991-ci ildən bəri 3460 nəfər mina partlayışlarının qurbanı olub. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 1,5 milyona yaxın mina yerləşdirilib. 2021-2024-cü illərdə 179 min hektardan çox ərazi minalardan təmizlənib. Son dörd ildə 18 411 tank əleyhinə mina, 29 250 piyada əleyhinə mina və 119 104 partlamamış hərbi sursat zərərsizləşdirilib. 2026-cı ilin sonuna kimi 280 min hektar ərazinin tam təmizlənməsi planlaşdırılır".
QHT sədri həmçinin bildirib ki, BƏƏ, Çin, Böyük Britaniya və bir sıra beynəlxalq təşkilatlar humanitar minatəmizləmə prosesinə maliyyə və texniki dəstək verirlər: "Kolumbiyadan xüsusi təlim keçmiş siçovul-saperlər, MLI vasitəsilə isə Malinois cinsindən minaaxtaran itlər gətirilib. Minaların tam təmizlənməsi və təhlükəsiz həyatın bərpası üçün genişmiqyaslı işlər davam etdirilir".
Pərvanə Fərhadqızı