"Təhsil gənclərə sosial ədalət və bərabərlik prinsiplərini aşılayır"- QHT sədri Tükəzban Süleymanova
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a verdiyi açıqlamada Dünya Sosial Ədalət Gününün əhəmiyyətindən və təhsilin gənclərin sosial ədalət və bərabərlik prinsiplərinə olan təsirindən danışıb. Onun sözlərinə görə, bu gün sosial bərabərlik, ədalət və hüquq bərabərliyinin təşviqi üçün vacibdir:
"Düşünürük ki, təhsil, gənclərə həm fərdi, həm də ictimai səviyyədə daha geniş perspektivlər təqdim edir. Bu, sosial ədalətə və bərabərliyə dair anlayışları, dəyərləri və davranışları inkişaf etdirməyə kömək edir. Təhsil vasitəsilə sosial ədalət və bərabərlik prinsiplərinin gücləndirilməsi bir neçə istiqamətdə baş verə bilər. Məsələn, məlumatlandırma vasitəsilə. Bu məlumatlandırma gənclərin irqçilik, insan hüquqları, gender bərabərsizliyi, iqtisadi bərabərsizlik və digər sosial ədalətsizlik məsələləri haqqında şüurlu olmalarına səbəb olur. Məlumatlandırılmış gənclər, cəmiyyətdəki qeyri-bərabərlikləri və onların həlli yollarını daha yaxşı anlaya bilirlər".
Son olaraq, Tükəzban Süleymanova təhsil sisteminin gənclərə sosial ədalət və bərabərlik prinsiplərini yalnız nəzəri deyil, həm də praktiki şəkildə gündəlik həyatlarına tətbiq etməyi öyrətdiyini bildirib:
"Həmçinin təhsil gənclərə tənqidi düşüncə qabiliyyəti qazandırır. Bu, onların cəmiyyətdəki sosial ədalətsizliyə qarşı daha fəal və konstruktiv yanaşmalar inkişaf etdirməsinə kömək edir. Gənclər, qeyri-bərabərlikləri sorğulamağı və onlara qarşı mübarizə aparmağı öyrənirlər. Son olaraq, təhsil gənclərə sosial ədalət və bərabərlik barədə yalnız nəzəri biliklər vermir, həm də praktik yollarla bu prinsipləri gündəlik həyatlarına tətbiq etməyi öyrədir. Bu şəkildə, təhsil gənclərin sosial ədalətə, insan hüquqlarına və bərabərliyə olan bağlılıqlarını möhkəmləndirir və onları daha ədalətli bir cəmiyyətin qurulmasına təşviq edir".
Pərvanə Fərhadqızı
QHT.az