Əlilliyi olan şəxslərin əmək yarmarkası keçiriləcək
17 fevral 2025-ci il tarixində saat 11:00-dan 15:00-dək Landmark Biznes Mərkəzinin Rotunda zalında, “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən Əlilliyi olan şəxslərin peşə ixtisaslarına yiyələnməsi və iş imkanlarının genişləndirilməsi məqsədi ilə “Əmək Yarmarkası” təşkil olunacaq. Bu tədbir, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi ilə həyata keçirilir.
QHT.az xəbər verir ki, təşkilatdan bildirilib ki, Əmək Yarmarkası Əlilliyi olan şəxslərin iş bazarına daha effektiv inteqrasiyasını təmin etmək üçün vacib platforma rolunu oynayacaq. Tədbirdə ölkənin fərqli sektorlarında fəaliyyət göstərən və Əlilliyi olan şəxslərin işə qəbulu ilə maraqlanan şirkətlərin insan resursları üzrə səlahiyyətli nümayəndələri iştirak edəcəklər. Bu təşəbbüs, Əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyasına dəstək olmaq, inklüziv iş mühitinin formalaşmasına töhfə vermək və işəgötürənlər ilə Əlilliyi olan şəxslər arasında birbaşa kommunikasiya yaratmaq məqsədini daşıyır.
Məqsəd inklüziv və dayanaqlı məşğulluq imkanlarını genişləndirmək, Əlilliyi olan şəxslərə peşəkar bacarıqlarını təkmilləşdirmək və onlara layiqli iş imkanları yaratmaqdan ibarətdir.