"Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib - FOTOLAR
Bu gün Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə "14 fevral Beynəlxalq Kitab Bağışlanma Günü" münasibəti ilə "Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə Hamlet İsaxanlının, Turan İbrahimovun Əzizə Cəfərzadə haqqında və özünün yazdığı, Vaqif Osmanlının, Ali Kafkazyalının kitabları və Mirvarid Dilbazi Poeziya Məclisinin dəstəyi ilə işıq üzü görən 100 kitab 100 tələbəyə hədiyyə olundu. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, Güllü Eldar Tomarlı, folklorşünas Aynur Qəzənfərqızı, Xalq Yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, şəhid anası Sevil Hüseynova, araşdırmaçı, yazıçı Vaqif Osmanlı çıxış etdilər.
Sonda Güllü Eldar Tomarlı "Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə İmişli Rayon Diferensial Tədris Mərkəzinin rəhbəri Elşən Şəmmədova 100 kitab göndərdiyini qeyd edib. Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə İmişlidə fevralın 9-dan başlayan Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfərimiz Rəssam Gülnarənin rənglər dünyasında" adlı fərdi sərgisinin sonuncu günü olaraq tədbir iştirakçılarına hədiyyə olunacaq.
Tədbirdə Ramin Qarayevin ifasında saz havaları dinlənildi. Kitaba həsr olunmuş möhtəşəm tədbir gözəl bir kitab bayramı kimi ürəklərə və yaddaşlara yazıldı. Sonda xatirə şəkilləri çəkildi.