"Trampın siyasəti İsrail-Fələstin münaqişəsində kompromisi rədd edir"- Zaur İbrahimli / FOTOLAR
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasəti İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsində mühüm dəyişikliklərə səbəb ola bilər.
O, İTV-nin “Diqqət mərkəzi” verilişində bu mövzunu müzakirə etdiyini və Trampın İsrail-Fələstin məsələsində iki dövlət prinsipindən imtina etdiyini vurğulayıb:
"Vaşinqton siyasətinin mərkəzində artıq fələstinlilərin hər hansı marağının təmin edilməsi, kompomis deyil, münaqişəni birmənalı İsrail xeyrinə həll etmək yanaşması durur. Ukrayna müharibəsinə son qoyulmasında isə Tramp Rusiyanın minumum tələblərinə razılaşa bilər. Qara dənizə zəmanətli çıxış, işğal olunmuş ərazilərin Rusiyada qalması, Ukraynanın bloklardankənar statusu, sanksiyaların götürülməsi və Ukrayna ordusu ilə əlaqədar məhdudiyyətlər. Lakin, heç kim Rusiyanın "dünyanı bölək" iddialarını qəbul etməyəcək. Ukrayna üçün bu yaxşı ssenari deyil, lakin daha çox baza ssenari kimi görünür".
İbrahimlinin sözlərinə görə, atəşkəs tez əldə oluna bilər, amma danışıqlar uzun çəkəcək və mərhələli olacaq. Burada əsasən Avropanın maraqları nəzərə alınacaq, Rusiyanın tələbləri isə minimum səviyyədə yerinə yetiriləcək.
“Aİ-ABŞ münasibətlərində indiki Tramp yanaşması ilə əvvəlki formatı saxlamaq mümkün olmayacaq – Ukrayna olsun və ya olmasın. Avropa İttifaqı artıq daha məsuliyyətli və ideologiyadan kənar strategiya müəyyən etməlidir. Aİ ölkələri indiyədək alışdıqları siyasi komfortdan çıxmalı və real təhlükəsizlik prioritetlərinə fokuslanmalıdır. Məsələn, Danimarka Baş naziri deyir ki, müdafiə xərcləri üçün vəsaiti haradan tapaq, halbuki bu ölkə 2024-cü ildə ÜDM-in artımına nail olub,” – deyə o vurğulayıb.
Pərvanə Fərhadqızı