"İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin bazasında yeni İnstitutun yaradılması əhəmiyyətli addımdır" - Elşad Məmmədov
İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin bazasında Azərbaycan Texniki Universitetində İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun yaradılmasına görə Elm və Təhsil Naziri Emin Əmrullayevə və AzTU-nun rektoru Vilayət Vəliyevə təşəkkürünü bildirib.
QHT.az xəbər verir ki, professor Mərkəzin fəaliyyətinin qısa müddətdə, yəni yalnız bir il ərzində, ölkə iqtisadiyyatı üçün önəmli üç analitik bülleten hazırlayıb təqdim etdiyini və bu bülletenlərin ictimaiyyət, media və müvafiq qurumlar tərəfindən yüksək maraqla qarşılandığını vurğulayıb:
"Məndə olan məlumata görə, Mərkəzimiz 2024-cü ilin iqtisadi yekunlarına dair media və ictimaiyyət üçün geniș Brifinq keçirmiş Ölkəmizin ilk və yeganə beyin mərkəzi olmuşdur! Əminəm ki, İqtisadi tədqiqatlar real iqtisadiyyata bağlı olmalı, bunun üçün isə həmin tədqiqatları aparanlar ən azından real iqtisadiyyatda baş verənləri dərk etməlidilər! Ümid edirəm ki, Mərkəzimizin bazasında yeni yaradılan İnstitutumuz bölgə və dünya iqtisadiyyatında formalaşan trendləri, milli iqtisadiyyatımız qarşısında yaranacaq çağırışları adekvat şəkildə təhlil edərək müvafiq analitik bazanın qurulmasına nail olacaq!!!" .
Pərvanə Fərhadqızı