"2025-ci ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edildi" - Deputat
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi layihəsi üçüncü oxunuşda qəbul edilib. Büdcə, cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramovun açıqlamasına görə, ilkin variantla müqayisədə gələn ilin büdcəsinin gəlir və xərcləri 40 milyon manat artırılıb. Beləliklə, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü illə müqayisədə 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2%) olacağı gözlənilir.
Büdcədə gəlir və xərclərdəki dəyişikliklərin əsas səbəbləri bunlardır:
- Xərclərin optimallaşdırılması: Bəzi publik hüquqi şəxslərin gəlirlərinin artımı və dövlət orqanlarının xərclərinin azaldılması.
- Sosial və müdafiə xərclərinin artımı: Müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, sosial təyinatlı xərclərin təminatı.
- Naxçıvan Muxtar Respublikasına dotasiya dəyişiklikləri: Dotasiya azaldılaraq vəsait mərkəzləşdirilmiş xərclər vasitəsilə bölgənin maliyyəsinə yönəldiləcək.
- Beynəlxalq tədbirlər: “Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində iştirak üçün Azərbaycan milli pavilyonunun idarəedilməsi.
- Siyasi partiyaların sayı: Təmsil olunan və təmsil olunmayan siyasi partiyaların artması ilə əlaqədar xərclərin yenidən nəzərə alınması.
Deputat Vüqar Bayramov qeyd edib ki, büdcədə dəyişikliklər iqtisadi dayanıqlığın gücləndirilməsi və strateji sahələrin inkişafını təmin etməyə xidmət edir.
Pərvanə Fərhadqızı