"İnvestisiyalar və alternativ enerji Azərbaycan iqtisadiyyatının dayanıqlılığı üçün əsas yoldur" - Elşad Məmmədov
QHT.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Azərbaycanın iqtisadiyyatında neft və qazın hələ də əsas ixrac məhsulu olmasına baxmayaraq, alternativ enerji sektorunda ciddi irəliləyişlər əldə edildiyini bildirib. O, 2030-cu ilə qədər alternativ enerji istehsalının artırılması ilə bağlı mövcud olan dövlət sənədləri və çağırışların bu sahənin inkişafını dəstəklədiyini vurğulayıb:
Elşad Məmmədovun nitqi:
"Biz alternativ enerji istehsalını inkişaf etdiririk, amma iqtisadiyyatımızın ənənəvi rəqabət üstünlükləri var. Bu, neft və qaz sektoru ilə bağlıdır və biz onlardan imtina etmirik, çünki bu, Azərbaycanın dayanıqlı və davamlı iqtisadi rəqabət üstünlükləridir. Bu yanaşma, beynəlxalq tədbirlərdə dəstəklənir və biz COP29-da da bunun şahidi olduq. Bu yaşıl gündəmlə bağlı məsələlərdə ikili standartların şahidi oluruq. Çox vaxt, təəssüflər olsun ki, ən çox ətraf mühitə zərər verən ölkələr ətraf mühitin qorunmasından daha çox danışır və bu yükü inkişaf etməkdə olan ölkələrə atmaq istəyirlər. Bu qeyri-mütənasibliklərə qarşı mübarizə aparılmalıdır. Mən sevindirici hal kimi qeyd edirəm ki, COP29 müstəvisində Azərbaycanın bu istiqamətdə haqlı səsi eşidildi və bir çox ölkə bizim mövqeyimizi dəstəklədi. Bütün bunlar onu deməyə əsas verir ki, 2024-cü il Azərbaycanın iqtisadiyyatı üçün uğurlu oldu. Bu çağırışlar daha çox xarici müstəvilərlə bağlıdır, amma Azərbaycanın müstəqil və milli maraqlarımıza söykənən iqtisadi siyasəti göstərir ki, biz bu çağırışlara adekvat reaksiya verəcəyik.
2025-ci ilin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağına dair bütün əsaslar mövcuddur. 2024-cü ilin dövlət büdcəsinin layihəsində büdcə kəsiri müvafiq təkan verir. Büdcənin kəsiri effektiv idarə olunarsa, onun mövcudluğu iqtisadiyyata müvafiq təkan verəcək. İnvestisiyaların artımı da dövlətin stimullaşdırıcı tədbirlərindən asılıdır. Biz, eyni zamanda, özəl sektorun da fəal iştirakını görməliyik. Hesab edirəm ki, iqtisadiyyatla bağlı proqnozlar nikbindir və biz bunu ictimaiyyətə çatdırmalıyıq”.
Pərvanə Fərhadqızı
QHT.az