"Əlillər Günü: Bayram deyil, hüquqların müdafiəsi üçün bir çağırışdır" – Səbinə Kərimova ilə MÜSAHİBƏ
Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Bu tarix, əlilliyi olan şəxslərin hüquqlarının qorunması, sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasına diqqəti artırmaq məqsədi daşıyır. Məhz bu mövzu ilə bağlı Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova ilə söhbət etdik. O, bu günün mahiyyəti, əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial inteqrasiyası istiqamətində ölkəmizdə görülən işlər, həmçinin əlavə tədbirlər barədə fikirlərini bizimlə bölüşdü.
QHT.az: Beynəlxalq Əlillər Günü əlilliyi olan şəxslərin problemlərinin cəmiyyətə çatdırılmasında hansı rolu oynayır?
Səbinə Kərimova: Beynəlxalq Əlillər Günü dünyada sağlam insanlarla yanaşı sağlamlığı məhdud insanların da yaşadığını cəmiyyətə xatırladır. Bu gün xüsusi olaraq əlilliyi olan şəxslərin diqqət mərkəzində olduqlarını hiss etdikləri bir vaxtdır. Amma təəssüf ki, bizim cəmiyyətdə bu günə fərqli yanaşılır. Əlilliyi olan şəxslər belə bu günü bayram kimi qəbul edirlər. Halbuki, bu gün bayram deyil, onların problemlərini ictimaiyyətə çatdırmaq və hüquqlarının müdafiəsi üçün bir platformadır. Fikrimcə, bu gün daha məqsədyönlü qeyd edilməlidir. Məsələn, hər bir rayonda icra başçıları əlilliyi olan şəxslərlə görüşsələr, onların ehtiyaclarını dinləsələr, bu böyük dəstək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə fəal və istedadlı əlilliyi olan gəncləri prezident mükafatı ilə təltif etsə, bu həm stimul, həm də diqqətin bariz nümunəsi olar.
QHT.az: Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və inteqrasiyası sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
Səbinə Kərimova: Mövcud vəziyyəti nə əla, nə də çox pis kimi qiymətləndirə bilərəm, lakin qənaətbəxşdir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün dövlət və qeyri-hökumət təşkilatları ciddi işlər görür. Dövlət Məşğulluq Agentliyi müxtəlif sahələr üzrə peşə kursları təşkil edir, burada müvəffəqiyyət əldə edənlər işlə təmin olunur. Artıq əvvəlki illərdə olduğu kimi əlilliyi olan şəxslər evdə gizlənmir, daha çox cəmiyyətə inteqrasiya olunurlar. QHT-lər də bu işdə böyük rol oynayır. Onlar müxtəlif layihələr vasitəsilə əlilliyi olan şəxslərin təhsilə, işə və ictimai həyata inteqrasiyasına dəstək verirlər.
QHT.az: Əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bərabər imkanların təmin edilməsi üçün hansı əlavə tədbirlər görülməlidir?
Səbinə Kərimova: Əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bərabər imkanların təmin edilməsi cəmiyyətin məsuliyyətidir. Bu, hər birimizin üzərinə düşən vacib bir vəzifədir. Məsələn, sahibkarlar yeni binalar tikərkən əlilliyi olan şəxslər üçün şərait yaratmalıdır. İdarələr isə onların ehtiyaclarını nəzərə alaraq xüsusi qəbullar həyata keçirməlidir. Xüsusilə, əlilliyi olan qadınların hüquqlarına diqqət yetirilməlidir. Çox zaman ailədaxili münaqişələrdə bu insanların hüquqları pozulur. Qanunlarda əlilliyi olan şəxslərin, xüsusən də qadınların xeyrinə dəyişikliklər edilməlidir.
QHT.az: Əlilliyi olan şəxslərin sosial inteqrasiyasına dəstək sahəsində qeyri-hökumət təşkilatlarının rolunu necə qiymətləndirirsiniz?
Səbinə Kərimova: Qeyri-hökumət təşkilatları bu sahədə çox fəaldırlar və onların fəaliyyəti yüksək qiymətə layiqdir. Mən özüm də əlilliyi olan bir şəxs kimi deyə bilərəm ki, mənim cəmiyyətə inteqrasiya olunmağımda QHT-lərin rolu böyükdür. Bu gün cəmiyyətimizdə tanınan, uğur qazanan bir çox əlilliyi olan şəxs məhz QHT-lərin dəstəyi ilə bu nailiyyətləri əldə edib.
QHT.az: Sonda Beynəlxalq Əlillər Günü ilə bağlı fikirlərinizi bizimlə bölüşərsinizmi?
Səbinə Kərimova: İstəməzdim ki, belə bir gün mövcud olsun, çünki hər kəsin sağlam olmasını arzulayıram. Amma həyat çox amansızdır. Bu gün sağlam olan insanlar sabah əlilliyi olan şəxsə çevrilə bilər. Beynəlxalq Əlillər Günü bir çox insan üçün öz vəziyyətini qəbul edib cəmiyyətə inteqrasiya olunmaq üçün bir fürsətdir. Bu günün əhəmiyyəti də məhz buradadır.
QHT.az: Müsahibəyə vaxt ayırdığınız və dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün təşəkkür edirik, Səbinə xanım. Ümid edirik ki, bu günün mesajı cəmiyyətimizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və inteqrasiyası istiqamətində daha təsirli addımlara səbəb olacaq.
Pərvanə Fərhadqızı
QHT.az