Ekspertlər bəzi deputatları sərt tənqid etdi - AZTV-də / FOTOLAR / VİDEO
"Hədəf" verilişinin son buraxılışında 2025-ci il üçün dövlət büdcəsinin prioritetləri və sosial siyasət məsələləri geniş müzakirə olundu. Verilişdə iştirak edən ekspertlər, o cümlədən professor Elşad Məmmədov, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və iqtisadçı Eyyub Kərimli, büdcə siyasətindəki dəyişikliklərə dair öz fikirlərini və bəzi deputatların populist çıxışları ilə bağlı tənqidlərini bildirdilər.
QHT.az xəbər verir ki, Professor Elşad Məmmədov çıxışında qeyd etdi ki, dövlət büdcəsi ölkənin əsas maliyyə-iqtisadi sənədidir və sosialyönümlü xərclər büdcə siyasətinin mərkəzində dayanır. O, Azərbaycan dövlətinin sosial statusunu vurğuladı və büdcə xərclərinin strukturundakı artımı xüsusi qeyd etdi.
İqtisadçı Eyyub Kərimli 2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin əhəmiyyətini vurğuladı. O, qeyd etdi ki, büdcənin 41%-i sosial sahəyə yönəldilib, bunun 7 milyard manatı pensiya və digər ödənişlərə sərf olunacaq.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə son illərdə həyata keçirilən sosial islahatlara toxundu. O bildirdi ki, 5-ci sosial islahatlar paketi 2025-ci ilin yanvar ayında reallaşacaq və bu paket müxtəlif sosial ödənişlərdə yeni artımları ehtiva edəcək.
Ekspertlər arasında bəzilərinin bəzi deputatları sərt tənqid etməsi də diqqətdən yayınmadı.
Daha ətraflı məlumat və ekspertlərin çıxışlarını videomuzda izləyə bilərsiniz.