Xəbərlər 16.11.2024 16:51 227

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb

COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai Birliyi və Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə bu gün iqlim dəyişmələrinin sağlamlığa təsiri, o cümlədən antimikrobial rezistentlik mövzusunda yüksəksəviyyəli müzakirə keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenya parlamentinin deputatı Stefen Myul, Zambiya parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər. 

Tədbirdə çıxış edən Milli Məclisin üzvü İlham Məmmədov bu gün Yaşıl Zonada keçirilən “Anti-mikrobial Davamlılıq” mövzusundakı müzakirələrdə, iqlim dəyişikliyinin sağlamlığa ciddi təsir etdiyini, xüsusilə həssas qrupların daha çox zərər gördüyünü vurğulayıb. O, COP29-da iqlim dəyişikliyi ilə mübarizədə ən vacib məsələnin maliyyələşmə problemi olduğunu bildirib:

"İqlim dəyişikliyi qlobal cəmiyyətə ciddi problemlər yaradır: su səviyyəsi azalır, meşə yanğınları və hava çirkliliyi artır, içməli su qıtlığı yaranır və bioloji müxtəliflik azalır. Bu təsirlər, xüsusilə həssas qruplara – uşaqlar, qocalar və xəstələrə daha çox zərər verir. İqlim sazişində qarşıya qoyulan qlobal orta temperatur artımını sənayeləşmədən əvvəlki səviyyədən iki dərəcədən də xeyli aşağı saxlamaq və temperaturun 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün səy göstərmək məqsədi qoyulub. Təbii ki, COP29-un qarşısında duran əsas məsələlər Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP29- da 14 əsas təşəbbüs dəstəkləndi ki, bunların içində də bu təşəbbüslərin həyata keçirilməsi üçün ən vacib olan məsələlərdən birincisi məhz maliyyələşmə probleminin həll olunması idi”.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Müşfiq Məmmədli isə çıxışında iqlim dəyişikliyinin bəşəriyyət üçün böyük bir problemə çevrildiyini vurğulayıb:

"30 illik müstəqillik dövründə, əslində müstəqil bir dövlət üçün qısa olan bir dövrdə Azərbaycan böyük uğurlar qazanmışdır. Bu uğurların bir təzahürü də COP29 kimi böyük bir tədbirə ev sahibliyi etməkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həm təbii ehtiyatlardan səmərəli istifadə edərək, həm də bu təbii ehtiyatları iqlim dəyişikliyinin qarşısının alınması və ekologiyanın sağlamlaşdırılması istiqamətində nümunə göstərən bir ölkə olmuşdur. İqlim dəyişikliyi qlobal bir təhlükədir. Suyun duzluluğunun artması biomüxtəlifliyi məhv etmiş və havaya qalxan tozlar külli miqdarda yuxarı tənəffüs yolları xəstəliklərinin yaranmasına gətirib çıxarmış, yoluxucu xəstəliklərin də artmasına səbəb olmuşdur. Amma Azərbaycan və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin səyləri nəticəsində biz bu proseslərin qarşısının alınmasının şahidi oluruq. Bunun nəticəsidir ki, Kür çayının səviyyəsi artmışdır. Burada kommunikasiya və birlikdə əlaqə çox önəmlidir”.

Qeyd edək ki, Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər sözügedən mövzuda auditoriyanın suallarını cavablandırıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı