Kaskad təlimlərin növbəti mərhələsi Xırdalan şəhərində keçirildi - FOTOLAR
BMT-nin Əhali Fondu (UNFPA) ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil edilən kaskad təlimlərin növbəti mərhələsi Xırdalan şəhərində baş tutdu. Bu dəfə də “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunu əhatə edən təlim peşəkar təlimçilər tərəfindən həyata keçirilib. Təlimin təşkilində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tam texniki dəstək göstərilib.
QHT.az xəbər verir ki, təlim qadınlara qarşı törədilən zorakılığın öncədən qarşısının alınması, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi və zərərçəkmişlərə dəstək göstərilməsi məqsədini hədəfləyir. Bu təlimdə iştirakçılar zorakılığa məruz qalan qadınlar üçün mövcud xidmətlərin istifadəsini asanlaşdırmağın yollarını, onlara hüquqi və sosial dəstək göstərilməsinin mexanizmlərini müzakirə etmək, eləcə də empatik ünsiyyətin əhəmiyyətini öyrənmək imkanı əldə ediblər.
Təlimdə Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, GƏZ üzrə mütəxəssislər, hüquqşünaslar, prokurorluq və polis əməkdaşları, məktəb psixoloqları və ictimai fəallar iştirak edərək, maraqlı müzakirələr aparıblar və müxtəlif təkliflər səsləndiriblər.
Ümumilikdə, təlimdə 26 nəfər iştirak edib və sertifikatlarla təltif edilib.