Xəbərlər 01.11.2024 11:53 1969

"Zorakılığa qarşı mübarizədə səbəblərlə mübarizə aparmalıyıq"- Gülayə Səfərova ilə MÜSAHİBƏ

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova zorakılığa məruz qalan və sosial təhlükə ilə üzləşən şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyi barədə QHT.az-a özəl MÜSAHİBƏ verib:

 

QHT.az: Salam Gülayə xanım. Sizin fəaliyyət sahənizdə bu mövzu olduqca önəmlidir. İcazə verin, birbaşa suallarımıza keçək. Zorakılığa məruz qalan və sosial təhlükə ilə üzləşən şəxslər üçün sosial xidmətlərin səmərəliliyini necə qiymətləndirirsiniz?

Gülayə Səfərova: Salam. Məmnuniyyətlə. Zorakılıqla mübarizə, cəmiyyətimiz üçün prioritet məsələlərdən biridir və bu mövzuda danışmaq mənim üçün əhəmiyyətlidir. Bu gün ölkəmizdə zorakılığa məruz qalan şəxslərin yerləşdirilməsi üçün sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupları üçün nəzərdə tutulub. Eyni zamanda, Təmiz Dünya, Azərbaycan Uşaqları, Ümid Evi kimi bir çox qeyri-hökumət təşkilatları da sığınacaqlar təklif edir. Bu sığınacaqlarda tibbi müayinələr, psixoloji emosional vəziyyətin qiymətləndirilməsi, ilkin tibbi yardım və hüquqlarının müdafiəsi kimi tədbirlər həyata keçirilir.

 

QHT.az: Sığınacaqların fəaliyyətinin səmərəliliyini artırmaq üçün nələr edilməlidir?

Gülayə Səfərova: Bizim apardığımız tədqiqatlar, sığınacaqların fəaliyyətinin səmərəliliyini artırmaq üçün onların maliyyə yardımına ehtiyacı olduğunu göstərir. Eyni zamanda, bölgələrdə də sığınacaqların açılması üçün böyük bir ehtiyac var. Zorakılığa məruz qalan qadınların bir çoxu iqtisadi asılılıq və təhsilsizlik səbəbindən çətinliklərlə qarşılaşır.

 

QHT.az: Zorakılığın səbəbləri ilə bağlı hansı tədqiqatlar aparılır?

Gülayə Səfərova: Erkən nikahlar və ailə münasibətlərinin dağılması zorakılığa səbəb olan amillərdəndir. Bu səbəbdən, maarifləndirmə işlərinə daha çox diqqət yetirmək lazımdır. Biz bu gün nəticə ilə mübarizə aparırıq, amma daha çox səbəblərlə mübarizə aparmalıyıq ki, bu zorakılığın kökləri nədən qaynaqlanır.

 

QHT.az: Gələcəkdə sosial xidmətlərin göstərilməsi sahəsində hansı dəyişikliklər planlaşdırırsınız?

Gülayə Səfərova: Gələcəkdə sığınacaqların sayını artırmağı və maarifləndirmə işlərini gücləndirməyi planlaşdırırıq. Bizim məqsədimiz, zorakılığa məruz qalan insanların hüquqlarını müdafiə etmək və onların reabilitasiyasına dəstək olmaqdır.

 

QHT.az: Sonda, zorakılığa qarşı mübarizədə cəmiyyətimizə nə mesaj vermək istərdiniz?

Gülayə Səfərova: Zorakılıqla mübarizə aparmaq üçün cəmiyyətin bütün təbəqələrinin bir araya gəlməsi vacibdir. Biz birlikdə çalışmalıyıq ki, bu problemləri həll edək. Maarifləndirmə və dəstək sistemini gücləndirmək zorunludur ki, zorakılığa məruz qalan şəxslərə yardım edə bilək.

 

QHT.az: Gülayə xanım, vaxt ayırdığınız üçün təşəkkür edirik. 

Gülayə Səfərova: Təşəkkür edirəm! Bu müzakirələr çox önəmlidir və mən ümid edirəm ki, gələcəkdə daha çox insan bu mövzuda aktiv olacaq.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı