"Postmüharibə dövründə həssas qrupların sosial müdafiəsi Azərbaycan üçün prioritetdir" - QHT sədri
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial müdafiəsi istiqamətində Azərbaycan dövləti böyük həssaslıq göstərir.
QHT.az xəbər verir ki, QHT sədrinin sözlərinə görə, ölkəmizdə həssas əhali qruplarının yüksək səviyyədə qayğı və diqqətdə saxlanılması digər ölkələrə örnək təşkil edir. O, əlavə edib ki, bu qruplar həmçinin ölkənin sosial-iqtisadi inkişafında iştirak etmək üçün məşğulluq və özünüməşğulluq proqramlarına aktiv şəkildə qatılmalı və dövlətin yaratdığı imkanlardan yararlanmalıdırlar. Bu məqsədlə peşə təhsilinə maraq göstərmək, bilik və bacarıqlarını artırmaq önəmlidir.
Zülfiyyə Nuriyeva vurğulayıb ki, ölkənin iqtisadi gücünün artması əhalinin sosial rifahının yüksəlməsi ilə sıx bağlıdır və bu istiqamətdə əhalinin davamlı maarifləndirilməsi vacibdir.
Pərvanə Fərhadqızı