Ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyəti: Şirvanda konfrans - FOTOLAR
Şirvan şəhərində “Ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyətli tərtibində məhkəmələrin rolu” mövzusunda konfrans təşkil edilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Mediasiya Şurasının birgə təşəbbüsü ilə keçirilən bu konfransda məhkəmə sədrləri, hakimlər və mediatorlar iştirak ediblər. Tədbirin məqsədi, mediasiya təşkilatları və mediatorlar tərəfindən hazırlanan barışıq sazişlərinin yüksək keyfiyyətli və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinin vacibliyini müzakirə etmək olub.
Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli çıxışında ölkədə həyata keçirilən hüquq islahatlarına toxunaraq, məhkəmə sistemində ədalətin təmin edilməsində hakimlərin məsuliyyətinin önəmini vurğulayıb. Həmçinin, mediasiya təşkilatları ilə məhkəmələr arasında sıx əməkdaşlığın bu proseslərə verdiyi töhfələrdən danışıb.
Mediasiya Şurasının nümayəndələri, bu cür tədbirlərin müxtəlif regionlarda keçirilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildiriblər. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, məhkəmələrlə əməkdaşlığın mediatorların işində keyfiyyəti artıracağını və qarşılıqlı əməkdaşlığın səmərəliliyini vurğulayıb.
Tədbir çərçivəsində Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və digər məhkəmə rəhbərləri, mediatorlarla əməkdaşlığın vətəndaşlar üçün ədalətli qərarların çıxarılmasında mühüm rol oynadığını qeyd ediblər. Konfrans fikir mübadiləsi və müzakirələrlə davam etdirilib.