Xəbərlər 09.07.2024 11:55 2045

Qanuna əsasən kimlərə ayda 345 manat ödəniləcək? DEPUTATDAN AÇIQLAMA

Azərbaycan Prezidenti cənab İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı Ölkə Prezidentinə məlumat verəcək.

QHT.az xəbər verir ki, Deputat Vüqar Bayramov qanuna edilən dəyişikliklər haqqında məlumat verib: "Yeni qanun iş axtaranların özəl sektorda işlə təmin olunmasına və dövlətdən minimum əmək haqqı məbləğində (hazırda 345 manat) dəstək almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək".

Deputat Bayramovun sözlərinə görə, dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 mindən artıq iş yerinin yaradılması mümkün olacaq və bu iş yerlərində çalışanların maaşları dövlət tərəfindən ödəniləcək: "Qanun dövlət və özəl tərəfdaşlığını gücləndirəcək, işaxtaranların qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq və əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə maaşların dövlət tərəfindən ödənilməsini təmin edəcək. Bu addım ölkədə məşğulluğun artırılmasına və sosial təminatın yaxşılaşdırılmasına xidmət edəcək".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı