Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - Detallar
ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Azərbaycanla Ermənistan arasında sənəd imzalanmasına çalışır. Bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaq, ardınca Ermənistan-Türkiyə sərhədində Rusiyanın mövcudluğunun azalması baş verəcək. Vaşinqton buna nail olmaq üçün təsir rıçaqlarından istifadə edir, nəticədə Ermənistan Azərbaycana daha çox güzəşt edəcək.
QHT.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda “Apri” mərkəzinin eksperti Sergey Melkonyan deyib.
Melkonyan bildirib ki, Azərbaycanın Ermənistandan tələbləri var:
“Bu, anklavların qaytarılması, Qərbi Azərbaycan məsələsi (azərbaycanlıların öz yurdlarına qayıtması-red), Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılmasıdır. Hamı başa düşür ki, ilin sonuna qədər Ermənistan konstitusiyasını dəyişmək mümkün deyil, ona görə bütün tələblərin bir-bir yerinə yetirilməsi üçün Ermənistan hökumətinin vaxtı və legitimliyi olmalıdır. Tiqraneşenin (Kərki kəndi-red) qaytarılmasından sonra Paşinyanın legitimliyi daha da azala bilər, buna görə də Qərb tələsir”.
Melkonyan hesab edir ki, Ermənistan tam kapitulyasiyaya məruz qalacaq:
“Ermənistan hökuməti Sünik dəhlizinə (Zəngəzur dəhlizi-red) nəzarəti beynəlxalq təşkilata verməyi düşünür. Onlar bunu belə əsaslandıracaqlar ki, dəhliz vermədik, dəhlizdə beynəlxalq təşkilat dayanır, halbuki, bu yalnız görüntü olacaq”.