Xəbərlər 25.04.2024 14:00 2684

"Kitab oxuyan insanlar mənən zəngin olurlar, ilk sözdən onların kimliyi və mənəvi zənginliyi diqqət çəkir- QHT sədri

25 aprel - Beynəlxalq Oxu Günüdür. QHT.az oxumağın təhsildə və insanın həyatında rolu, dünyada oxumaq və kitablara dəyər vermək, oxumağın mədəniyyətə, insanların düşünmə qabiliyyətinə və ictimaiyyətə təsiri, oxumağı təşvik etmək və oxumağı dəstəkləmək üçün hansı tədbirlər və layihələrin mümkünlüyü haqqında QHT sədrlərinin fikirlərini alıb.  

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az- a Qasım bəy Zakirin "Axmaqla oturub durmaqdansa, kitabla tənha olmaq yaxşıdır" fikri ilə başlayıb. Onun sözlərinə görə, kitablar mədəniyyətimizə, nəfsimizə, ruhumuza, həyatımıza və inkişafımıza yol göstərən vasitədir, insanın formalaşıb kamilləşməsində, onun mənəviyyatının zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bildirməsində, obrazlı məntiqi təfəkkürünün, bədii təxəyyülünün, idrakı bacarıqlarının inkişafında, vətəndaş tərbiyəsində, insanın həyat rolunun müəyyənləşməsində kitabın, mütaliənin rolu əvəzsizdir: "Mütaliə, tədris, təhsil və tərbiyə vəhdət təşkil edir, mütaliəni sevən insanlar həm bacarıq, həm düçüncə baxımından digərlərindən fərqlənir. Kitab oxuyan insanlar mənən zəngin olurlar. Elə ilk sözdən onların kimliyi və mənəvi zənginliyi diqqət çəkir".

Zenfira Mustafayeva keçmişdə kitaba bağlılığın daha geniş yayıldığını, insanların yeni kitablar gələndə onu almaq üçün kitab mağazalarının qarşısında gecədən növbəyə düzülmələrini, özünün də bu insanların sırasında olduğunu da dilə gətirib: "O dövrdə "makulatura" yəni kağız yığardıq, aparıb təhvil verəndə bizə qəbz verilərdi, o qəbzlə yeni kitablar alardıq. Kitabxanalarda, oxu zallarında oturmağa yer tapmazdıq. İndiki kitabxanalar çox zəngin olsa da oxucusu zəifdir, çünki, televizorlarda yüzlərlə kanallar, sosial şəbəkələr, kompyuterlər boş vaxtımızı çox alır. Kitabxana əməkdaşları, məktəblər  kitaba həvəsi artırmaq üçün  müxtəlif tədbirlər təşkil edirlər, bizim ofisimizdə də mütəmadı olaraq belə tədbirlər təşkil olunur".

QHT sədri həmçinin qeyd edib ki, kitab oxumağa geniş kütləni cəlb edə bilməsək də heç olmazsa kitablarda olan maraqlı məqamları müxtəlif vasitələrlə insanlara çatdırmaq olar: "Məsələn vaxtı ilə "Ceşmə" verilişində əsərlərdən parçalar, bayatılar, şeirlər səsləndirilərdi. Retro FM də "-Mənim serim" verilişi var. Çox maraqlı olan bu verilişdə müxtəlif klassik və müasir yazarların əsərləri səsləndirilir. Məncə çox bəyənilir, insanlar görüntülü baxmağı daha çox sevirlər. Gözəl əsərlərə yaxşı bədii və qısa metrajlı filmlər çəkilsə, elmi-publisistik verilişlərin sayı artırılsa, radiolarda roman, povest, hekayə oxunuşu var, bu çox gözəl, daha çox yayımı artırılsa insanlara çatımlılığı genişləndirilər. İnternet kitabxanalardan istifadə olsa da, canlı təmas daha effektivdir".

Zenfira Mustafayeva sonda söhbətini Tur Xanderin "Az pulla böyük sərvət əldə etmək istəyirsənsə kitab al" fikri ilə bitirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı