Xəbərlər 23.04.2024 10:44 7191

Azərbaycan gənci - Sən bir dünyasan!

Bugün gənclərimiz daim axtarışdadır. Bəzi gənclər daha yaxşı təhsil, digərləri daha yaxşı maaş axtarmaqdadır. Təbii ki, bu proseslər kifayət qədər anlaşılandır. Lakin ölkə üçün bir gəncin tövhəsi onun savadı ilə və ya aldığı məvacib ilə məhdudlaşmır. Belə ki, yaxşı təhsil almış və yaxşı maaş alan gənc yenə də özünü kifayət qədər dəyərləndirilməyən hiss edir və daha çoxuna iddialı olur. Bu iddialar gəncləri müxtəlif yerlərə aparır, kimisi uzaq xaricə köçür, kimisi həyatın yeni çağırışları ilə vuruşur, amma məsələnin açarı əslində gəncin özündədir. 
 

Bir zaman əsgər olmaqdan boyun qaçıran gəncimiz, Vətən Müharibəsində qəhramana çevirilir və ardınca minlərlə gənci əsgərə rəğbət bəsləməyə sövq edir. Oxşar olaraq vaxtilə ən aşağı maaş alan həkimlərimiz Covid-19 zamanı “qəhrəmanlarımız” olur. Bu bir daha sübut edir ki, hər bir insan özünü dərk edərək və ölkəyə verə biləcəyi faydanı dərk edərik bir işi görərsə, mexaniki icraçıdan böyük bir motivatora çevrilə bilər. 


Bu fəlsəfə “Sən1Sən” platformasının yaradılmasına təkan vermişdir. Gənclərin düşüncə tərzini düzgün istiqamətə dəyişdirən, uğur və xoşbəxtliyin açarının onların özündə olmasını təbliğ edən platforma gənclərin problemlərini qeyri-adi və innovativ üsullarla həll etməyi təklif edir. 
 

Hal-hazırda ölkəmizdə gənclərin problemləri ilə məşğul olan və real işlər görən bir sıra dövlət qurumları mövcuddur. Heydər Əliyev Fondu, Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu, KOBİA bu sıralardandır. Bu qədər cəhdlərə baxmayaraq, gənclərimiz arasında həyatda öz yerini tapmayan, hətta yaradılan imkanlardan məlumatsız olan çox sayda gəncimiz var. 
 

Bu problemə Sən1Sən platformasının yanaşması bir qədər fərqlidir. Belə ki, nəticəsi eyni olsa da, gənclərin problemini həll etmək və onlara kömək etmək arasında böyük bir fərq vardır. Problemə “mexaniki” yanaşanda insan beyninin yalnız bir hissəsi məhdud icra alətləri ortaya çıxarır. Lakin, həmin problemə empatiya və dəstək tərəfdən yanaşıldıqda, beynin tam fərqli hissələri işə düşür və qeyri-adi həllər ortaya çıxır. Dolayısı ilə, bir problemə fərqli yanaşmalar olsa, onun həllinə daha tez nail olmaq olar. Gənclər fərqlidir, deməli yanaşmalar da fərqli olmalıdır ki, daha çox gənc əhatə olunsun. 


Buna əsaslanaraq Sən1Sən ənənəvi CV formatına alternativ, çərçivələri olmayan və gənci bilik və bacarıqları ilə tam olaraq dəyərləndirilməsinə imkan yaradan Video-CV bazası yaratdı. Bu istiqamətdə paralel olaraq gənclərə şəxsi inkişaf mövzularında təlimlər təşkil olunur. Bu təlimlərdə peşəkar HR (insan resursları üzrə ekspertlər), psixoloqlar və koaçlar gənclərimizə dəstək olur. 
 

Sən1Sən platformasının işləri bununla bitmir, daimi olaraq yeni və maraqlı ideya və layihələrlə gənclərimizə dəstək olunur. 
Belə bir deyim var: “Ola bilər bu dünyada sən sadəcə bir insansan, amma kiməsə - Sən bir dünyasan”. Sən1Sən platforması hər bir gənci bir dünya olaraq görür. 

 

Fəridə Quluzadə
Sən1sən platformasının təsisçisi 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı