Xəbərlər 02.04.2024 15:04 1046

Dövlət Proqramı məzunları ilə görüş və karyera sərgisi keçirilib

Aprelin 2-də ADA Universitetində “2022–2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib.  

Tədbirin keçirilməsində məqsəd xaricdə təhsil almış gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləmək və ölkənin kadr potensialını gücləndirməkdir. 

Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Həsən Həsənli ötən il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil imkanı qazanmış 50 gəncin dünyanın 10 ən yaxşı universitetinə qəbul olduğunu xatırladıb. Nazir müavini əlavə edib ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir. 

"Dövlət Proqramı çərçivəsində xarici təhsil müəssisələrinin siyahısına baxsaq, görərik ki, ötən illərlə müqayisədə həm siyahının keyfiyyəti artıb, həm də potensialı daha yüksək olan gənclər proqrama qəbul ediliblər. Bu gün proqram çərçivəsində xaricdə təhsil alan gənclərimiz dünya miqyasında rəqabətədavamlı gənclərdir. Bu baxımdan gələcəyə nikbin baxa bilərik" – deyə nazir müavini qeyd edib.

Ardınca Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxış ediblər.

Tədbirdə həmçinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının dövlət qulluğuna müraciət etmək qaydaları”, “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu”, “Əmək bazarına çıxış üçün nə tələb olunur?” mövzularında maarifləndirici çıxışlar olub.

Tədbirin sonunda isə 30-a yaxın nüfuzlu dövlət və özəl sektorları təmsil edən qurumların iştirakı ilə karyera sərgisi təşkil olunub. Sərgidə həmin qurumlar tərəfindən iş imkanlarına dair məlumatlar paylaşılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı