Xəbərlər 29.02.2024 18:05 6038

İqlim dəyişikliyinə uyğunlaşmanın əsas yollarından biri təbii resurslardan səmərəli istifadə edilməsidir - AÇIQLAMA

Su qıtlığını yaradan əsas amillər quraqlıq və çirklənmədir. Hər ikisi insan fəaliyyətinin nəticəsidir. Su ehtiyatlarının qlobal və regional tükənməsi öz növbəsində ölkəmizə də təsir göstərir.

QHT.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva qlobal və regional su qıtlığının ölkəmizə təsirləri barədə danışaraq deyib. Ekspert bildirib ki, 2011-2020-ci illərdə buzlaqların əriməsi əvvəlki onilliklərlə müqayisədə 75 faiz artıb. Əriyən buzlaqlar okeanlarda suyun səviyyəsinin qalxmasına, daha çox yer tutmasına və dəniz səviyyəsinin yüksəlməsinə, daşqınlara səbəb olur. Daşqınlar nəticəsində bakterial, viral, göbələk, vektor yoluxucu xəstəliklərin yayılmasına təkan verilir və beləliklə, insanlar və dünya növbəti pandemiya ilə üz-üzə qala bilər.

P.Vəliyeva xatırladıb ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti dünya tarixinin ən isti 3 ayının yaşadığını açıqlayıb. 2023-cü il dünyada ən isti il kimi qeydə alınıb: “Nəticədə ölkəmizdə də çaylarda sululuq azalıb, bir sıra su hövzələri quruyub. İqlim dəyişikliyinin qarşısının alınması üçün bütün səylərə baxmayaraq hələ ki, qlobal istiləşmə artan dinamika ilə davam edir. Belə bir halda vətəndaşların üzərinə çox böyük məsuliyyət düşür”.

Ekspert hesab edir ki, insanların maarifləndirilməsi ilə suya xeyli qənaət etmək mümkündür. Su krantlarının açıq qoyulmaması, sudan səməli istifadə, bəzi təsərrüfatlarda texniki sudan istifadə olunması, məişətdə istifadə edilən suyun filtrdən keçiriləcək yenidən istifadəsi suya qənaət etməyə imkan verəcək. “Həmçinin məişətdə texnoloji yeniliklər və süni intellektdən istifadə etməklə suya qənaət etmək mümkündür. Özü qapanan su kranlarından evlərdə, müəssisələrdə, həmçinin çənlərin doldurulması zamanı istifadə olunması məqsədəmüvafiq olardı. Yağış sularından istifadə edilməsi, onların yığılmasının təşkili və ondan istifadə, suyun duzsuzlaşdırılması su probleminin həllinə kömək edəcək üsullardandır. Hətta insanlar istifadə etdikləri kondisionerlərin suyunu belə yığıb müəyyən məqsədlər üçün, evdəki dibçək güllərinin su tələbatını ödəmək üçün istifadə edə bilərlər.

Suyun tərkibinin çirklənməsi də su ehtiyatının tükənməsi deməkdir. Yaşayış binalarında zirzəmilərin su ilə dolması, qeyri-yaşayış binalarında istifadə edilən çənlərin illərlə təmizlənməməsi, həmçinin qapalı su hövzələrinin təmizlənməməsi suyun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”,- deyib.

P.Vəliyeva hesab edir ki, çayların, göllərin, su anbarlarının təmizlənməsində yeni metodlar tətbiq olunmalı, bu işə xarici şirkətlər cəlb edilməlı, yerli mütəxəssislərin bilik və bacarıqları artırılmalıdır. Regionlarda mövcud su qıtlığı insanların miqrasiyasına səbəb olur və urbanizasiyanı sürətləndirir. Bəzi rayon və kəndlərdə yeni su kanallarının çəkilişinə ehtiyac var.

“Bu problemlərin fonunda iqlim dəyişikliyinin qarşısının alına bilməməsi və qlobal istiləşmənin səbəb olduğu quraqlıqlar da elə insanlar tərəfindən atmosferi istixana qazları ilə hədsiz çirkləndirməsi nəticəsində baş verir. Yağıntılar azalır, turşulu yağışlar yağmağa başlayır və bu da kənd təsərrüfatına böyük ziyan vurur, qlobal ərzaq böhranına səbəb olur, həmçinin ərzaqların bahalaşmasına gətirib çıxarır, bu da iqtisadi böhran deməkdir. İqlim dəyişikliyinə uyğunlaşmanın əsas yollarından biri təbii resurslardan səmərəli istifadə edilməsidir.

Təəssüf ki, ən böyük şirin su ehtiyatlarından biri olan Araz çayının və digər transsərhəd çayların illərdir Ermənistan tərəfindən çirkləndirilməsi baş verir. Bu ekoterroru dayandırmaq lazımdır, çünki region əhalisinin sağlamlığı, ekosistemə ciddi zərər görür. Oxçuçay, Həkəri çayı, Bərgüşad çayı kimi transsərhəd çayların Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin zəhərli və radiaktiv tullantılarla çirkləndirilməsi ictimai səhiyyə üçün təhdid olmaqla yanaşı, yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər. Bununla Ermənistan BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyanın və Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi üzrə “Espoo” Konvensiyasının tələblərini pozur”, - deyib.

Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi edir. Pərvanə Vəliyeva hesab edir ki, COP29 çərçivəsində dünyanın su ehtiyatlarının qorunması və su təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülə bilər: “Məsələn, yeni və daha güclü öhdəlikləri olan su təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda güclü və konkret hədəfləri olan sənəd qəbul edilə bilər. Bu da su təhlükəsizliyində qlobal təşəbbüsləri gücləndirə bilər. Həmçinin Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu və danışıqlarda əsas fiqur olması bundan sonrakı dönəmdə də Konvensiyanın tələblərinin yerinə yetirilməsində hesabatlılığı təmin etməkdə böyük üstünlük olacaq”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı