Xəbərlər 27.02.2024 08:20 1442

“Dövlət gənclərin problemlərini daim diqqət mərkəzində saxlamalıdır” – QHT sədri

“Gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi bu gün ölkənin inkişafı üçün əsas prioritet istiqamətlər sırasındadır. Gənclərin məşğulluq imkanlarının artırılmasına yönələn tədbirlər ölkə Prezidentinin 13 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş və məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradan “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda geniş yer alıb”.

Bu sözləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva QHT.az –a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, bu sənəddə gənclərin peşəyönümünün təşkili məqsədilə təhsil müəssisələrində karyera mərkəzlərinin yaradılmasının və karyera məsləhət xidmətlərinin göstərilməsinin dəstəklənməsi əks olunub: “Amma reallıqda bu mərkəzlər məzunların işlə təmin olunması məsələsinə lazımi səviyyədə yardım göstərə bilmirlər. Təhsil müəssisələrini bitirmiş gənclər bir çox hallarda işsiz qalır və ya ixtisaslarına uyğun olmayan işlə məşğul olmaq məcburiyyətində olurlar. Ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul bu və ya digər ixtisaslar üzrə kadrlara tələbat öyrənilməli, qəbul ediləcək tələbələrin optimal sayı müəyyən edilməli, tələbatdan artıq tələbə qəbuluna yol verilməməlidir. Əks halda təklif tələbatı üstələmiş olur və işsiz ixtisaslı gənclər ordusunun sayı çoxalır”.

Könül Quliyeva həmçinin bildirib ki, ali təhsilin bakalavr və magistr səviyyələrini bitirmiş gənc filoloqlar, tarixçilər, tərcüməçilər və müəllimlər təhsil aldıqları ixtisasa heç bir aidiyyatı olmayan bank sistemində və ya şirkət ofislərində çalışırlar: “Dörd və ya altı il kadr hazırlığına çəkilmiş əziyyət, sərf edilmiş vəsait hədər gedir. Mövcud vəziyyət gənclərin məşğulluğunun təmin olunmasına cavabdeh olan dövlət qurumlarını narahat etmirmi? Dövlət həssas qrupa aid olan gənclərin həyat şəraiti və məşğulluğu ilə bağlı problemləri daim diqqət mərkəzində saxlamalıdır. Məlum olduğu kimi, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dövlət uşaq müəssisələrini bitirmiş, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz gənclər üçün son illərdə Abşeron rayonunun Masazır qəsəbəsində çoxmənzilli yaşayış binalarından ibarət "Məzun evi” Sosial Müəssisəsi yaradılmışdır və bu yaşayış məntəqəsinin sakinləri aktiv məşğulluq tədbirlərinə cəlb edilmişlər. Hesab edirik ki, bu xeyirxahlıq təşəbbüsü bir çoxlarına, xüsusilə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə örnək olmalıdır. Ümumiyyətlə, həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa xüsusi diqqətlə yanaşmalıyıq”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı