“Zəfərə aparan yol” adlı tədbir keçirilib - FOTOLAR
Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura və Müdafiə Nazirliyinin Gəncə Qarnizonunun birgə təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, öncə Xırdalan şəhərində ümummili lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Sonra Abşeron Rayon Mədəniyyət Mərkəzində hərbi fotoqraf Nurəhməd Vəliyevin birinci və ikinci Qarabağ müharibəsində çəkdiyi fotolar və müxtəlif kitablardan ibarət sərgi ilə tanışlıq olub. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, “N” saylı hərbi hissənin zabiti Nemət Rəhimov, Müdafiə Nazirliyinin Gəncə Qarnizonunun bölmə rəisi Sevda Zülfüqarlı və digər şəxslər ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, suverenliyimiz uğrunda apardığı mübarizədən, dövlətçiliyimizin sağlam təməlləri üçün atdığı uzaqgörən addımlardan danışıblar. Çıxışçılar 44 günlük vətən müharibəsində müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın sarsılmaz birliyi, ordumuzun yenilməz qüdrəti və qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsini tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıblar.
Sonra tədbir iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgər və zabitlərə məktub vasitəsi ilə ürək sözlərini yazıblar. Məlumat üçün bildirək ki, aksiya müddətində Abşeron rayonunda toplanmış elmi, publisistik, bədii və digər janrlarda olan 5000 kitab və məktublar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılacaq.