Xəbərlər 21.11.2023 13:30 14264

Prezident Aynur Sabitovanı təltif etdi - FOTO

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

QHT.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova da Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

* * * 

Aynur Zakir qızı Sabitova 28 may 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis-alman dilləri fakültəsinə qəbul olunub. 1997-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub.

A.Sabitova 1997-ci ildən Dillər İnstitutunun İngilis dilinin tərcüməsi kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2003-cü ildə “Harriet Biçer Stounun əsərlərində Amerikanın sosial ziddiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edib və 2004-cü ildən İngilis dilinin tərcüməsi kafedrasında dosent vəzifəsində çalışıb.

2005-ci ildə A.Sabitova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub və 2009-cu ildə hüquqşünas ixtisasını bitirərək ikinci ali təhsilə yiyələnib.

2012-ci ildə “Amerika və Azərbaycan ədəbiyyatlarında romantizm cərəyanı: tipologiyası, tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Pedaqoji fəaliyyətlə yanaşı, 2012-ci ildə Ədliyyə qulluğuna qəbul olunaraq müxtəlif məsul vəzifələrdə çalışıb. 
2018-ci ilin dekabrında isə Ədliyyə Nazirliyinin aparatına irəli çəkilərək İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 
Hazırda ədliyyə müşaviri xüsusi rütbəsini daşıyan A.Sabitova bu mühüm və məsuliyyətli vəzifədə uğurla çalışaraq dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin olunmasında, ölkə ictimaiyyəti, o cümlədən vətəndaş cəmiyyəti, ayrı-ayrı dövlət təsisatları və beynəlxalq qurumlarla ədliyyə sahəsində sıx kommunikasiyanın həyata keçirilməsində, əhalinin hüquqi biliklərinin artırılması və maariflənməsi işində yaxından iştirak edir.

QHT.az olaraq Aynur Sabitovanı təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı