Xəbərlər 20.11.2023 13:18 4270

Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir - FOTOLAR

ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi keçirilib. Təlim son illər yaranmış yeni QHT-lər üçündür, prosesə 100-ə yaxın QHT cəlb olunub. 

QHT.az xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təlimçilərin xüsusi seçildiyini və 2 gün ərzində layihələrin planlaşdırılması, tətbiqi, icrasına nəzarət işlərinin təşkili,  ümumən idarəedilməsi ilə əlaqədar QHT-lərin bilik və bacarıqlarının artırılması üçün unikal imkan yaradıldığını bildirib. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva yeni yaranan QHT-ləri fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, Agentliyin elan etdiyi müsabiqələrdə iştiraka dəvət edib. O, Agentliyin bu layihə ilə QHT-lərə metodiki dəstək verdiyini bildirib. Açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, ADA Universitetinin təlimçiləri də iştirak edib. 

Qeyd edək ki, təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunacaq.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı