Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Naxçıvana səfər ediblər - FOTOLAR
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Naxçıvan Muxtar Respublikasında iki günlük işgüzar səfərdə olublar.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib.
Sonra Şura üzvləri Naxçıvan regional miqrasiya baş idarəsinə baş çəkib, əməkdaşların iş şəraiti ilə tanış olublar. Onlara regional baş idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Həmçinin Şura üzvləri Naxçıvan ASAN Xidmət Mərkəzinə səfər ediblər və burada fəaliyyət göstərən Miqrasiya bölməsinin işi ilə tanış olublar. Mərkəzin fəaliyyəti haqqında ümumi məlumat verən əməkdaşlar təşkil olunan işin müxtəlif aspektləri barədə danışıb, üzvləri maraqlandıran sualları cavablandırıblar.
Bundan başqa Naxçıvan şəhəri qanunsuz miqrantların saxlanılması mərkəzində əcnəbilər üçün yaradılan şəratin miqrasiya qanunvericiliyinə uyğun təşkil olunma vəziyyəti monitorinq edilib. Şura üzvləri miqrantlara göstərilən xidmət səviyyəsini dəyərləndiriblər, mərkəzin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil olunduğunu bildiriblər.