Xəbərlər 07.11.2023 09:26 2620

"Minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin"- iqtisadçı ekspert

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında "Vergi Məcəlləsindədəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə olundu. Müzakirələrdə çıxışım zamanı vergi siyasəti ilə bağlı bir sıra məqamlara toxundum. Dövlət Vergi Xidməti ilə son illər faydalı əməkdaşlıq mühiti formalaşıb ki, bu da qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi töhvə verir.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bu barədə məlumat verib. Ekspert qeyd edib ki, layihədə müzakirə edilən məsələlərdən biri Azərbaycanda vətəndaşların 200 manata qədər aylıq faiz depozit gəlirlərinin vergidən azad olunması ilə bağlı idi: "Layihəyə əsasən, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğudur. Təklif etdim ki, 200 manata qədər deyil, minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər. Digər tərəfdən, oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 bankın payına düşüb. Həmin banklarda da illik faizlər orta hesabla 6 % və daha aşağıdır. Buna görə də, güzəşt məbləğinin artırılmasına ehtiyac var".

Ekspertin banklar ilə bağlı ikinci qeyd etdiyi məqam sahibkarların bank hesablarında vergi sərəncamların qoyulması ilə bağlı idi: "Sahibkarın vergi borcu olan zaman onun bütün hesablarına sərəncam qoyulur və nəticədə bu sahibkarın fəaliyyətinə neqativ təsir göstərir. Hazırda fiziki şəxslərin əmək haqqılarının 200 manat olan hissəsi vergidən azaddır və bu baxımdan daha yaxşı olar ki, minimum əmək haqqı məbləğində hissə vergidən azad olunsun. Bu gün dünyanın əksər ölkələrində minimum əmək haqqı vergiyə cəlb olunmur. Minimum əmək haqqı alan vətəndaşlarımızın az təminatlı insanlarımız olduğunu nəzərə alaraq onların gəlirlərinin vergiyə cəlb olunmamasını təklif etdim. Fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə gəlir vergisi vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faiz vergiyə cəlb olunur. 2500 manatlıq hədd 2013-cü ildən etibarən tətbiq edilir. Ötən 10 illik inflyasiya səviyyəsini nəzərə aldıqda real olaraq bu məbləğ iki dəfəyə yaxın artırılmalıdır. O baxımdan, təklif edirəm ki, 2500 manat ən azı 4000 manatadək artırılsın. Bununla da, 2500 manatdan 4000 manatadək olan gəlir 25 deyil, 14 faizlə vergiyə cəlb olunsun".

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı